Bu barədə «APA-Economics»ə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.
Onun sözlərinə görə, ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorları sözügedən layihəni tətbiq etmək üçün tam hazır deyil və hazırda onlar tərəfindən müvafiq işlər həyata keçirilir: «Mobil rabitə operatorları texniki baxımdan layihənin tətbiqinə tam hazır olan kimi, nömrələrin daşınmasına başlanacaq».
Qeyd edək ki, ilk öncə layihənin cari ilin may ayının əvvəlində, daha sonra isə iyunun əvvəlində tətbiqi planlaşdırılırdı.
Xatırladaq ki, Azərbaycanda MNP xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.