Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 144,5 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,6% çox yük daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft yüklərinin həcmi 6,6% artaraq 101,9 mln. tona çatıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 57,7%-i avtonəqliyyat, 26,6%-i boru kəməri, 10,3%-i dəmir yolu, 5,4%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.
Məlumata görə, qeyri-dövlət bölməsində yük daşınması 4,3% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 75,3% təşkil edib.
“Yanvar-avqust aylarında nəqliyyatçılar 1 113,7 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,7%-i avtomobil, 12%-i metro nəqliyyatının xidmətlərindən istifadə ediblər”, - deyə Komitənin məlumatında qeyd olunub.