Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin avqust ayı üzrə 465,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, iyulda həmin indikator 9,0%-ə, iyunda isə 150,8%-ə bərabər olub.
CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir.
Aylıq təhlil göstərir ki, mənzil tikintisinə yönəldilən investisiyalar yanvardakı kəskin azalmadan sonra, fevralda sabitlik bərpa olunub, martda 2 dəfəyə yaxın, apreldə 4,3 dəfəlik artım, mayda yenidən azalma və iyunda artım baş verib. Bundan sonra, iyul ayında mənzil tikintisinə yönəldilən investisiyaların həcmi aylıq müqayisədə 11,2 dəfə azalıb, avqustda isə 5,7 dəfə artıb:

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, onunla bağlı olan sahələrdəki vəziyyəti, həm əhalinin alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti göstərir. Eyni zamanda, bu sahəyə müxtəlif subyektiv amillər də təsir edir. Məsələn, iyul ayında ənənəvi azalma baş versə də, bu dərəcədə azalmanın yalnız sırf iqtisadi səbəblərə bağlı olması bir qədər şübhəlidir.
Ümumilikdə, yanvar-avqust ayları ərzində mənzil tikintisinə 780,0 mln. manat həcmində investisiya qoyulub ki, bu ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 0,2% çoxdur.