Bank Of Baku

Azərbaycanın avtomobil bazarında ciddi dəyişikliklər gözlənilir

Azərbaycanın avtomobil bazarında ciddi dəyişikliklər gözlənilir
# 02 iyul 2013 12:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ili may ayında Azərbaycanın avtomobil bazarında dinamikanın nisbi artımı müşahidə olunub. «APA-Economics»in məlumatına görə, bu, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupunun avtomobil bazarında apardığı araşdırma nəticəsində müəyyən olunub.

 

Nəticələrə əsasən, təxminən bir ilə yaxındır ki, təklifin ili köhnə avtomobillər hesabına artması tendensiyası may ayında bir qədər də azalıb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında artım qeydə alınıb. Təklifin azalmasına baxmayaraq, təklifin tələbi üstələməsi tendensiyası hələ də davam edir. Ay ərzində tələbin artımı və dinamikanın müsbətə doğru dəyişməsi orta qiymətə təsir göstərməyib. May ayı üçün bazarda orta qiymət əvvəlki ayda olduğu kimi (16 200 manat) qalıb: «Dinamikanın artımı avtomobillərin ekspozisiya müddətinin azalmasına səbəb olub. Ay ərzində avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 1,4% azalaraq 41,2 günə enib».

 

Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 15 mindən artıq avtomobilin cəmi 22,3%-i bazara məhz mayda təklif olunub. Digər 77,7%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki aylardan fərqli olaraq köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası son 5 ayda xeyli azalıb.

 

«Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan «Mercedes-Benz»in təklif üzrə payında əvvəlki ayla müqayisədə 1,4 faiz bəndi azalma müşahidə edilsə də, bu markanın ümumi portfeldə payı 35% təşkil edib. Ümumilikdə, ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin azalması baş verib. Təklif üzrə ən çox azalma (3,7%) «VAZ» markalı avtomobillərdə qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Bu 9 markanın təklif üzrə payı 86,7% təşkil edib. Qalan 13,3% isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür», - deyə İctimai Birliyin məlumatında bildirilir.

 

Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər baş verməyib. Ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən sonra istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları isə 1992-2013-cü illərə aid avtomobilləri əhatə edib.

 

Araşdırmanın digər bir seqmenti olan avtomobillərin ban tipinə gəldikdə isə, son ayların araşdırmaları bazarda ofrouder və universal tipli avtomobillərə maraq göstərənlərin sayının artdığını göstərir. Buna baxmayaraq, son aylar monitorinqlər nəticəsində Rusiya istehsalı olan avtomobillərə marağın azaldığı müşahidə olunub. Araşdırmalar göstərir ki, Rusiya istehsalı avtomobillərin ümumi bazar payı 6%-ə enib ki, bu da ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 3,4 faiz bəndi azdır. Buna baxmayaraq, Rusiya istehsalı olan avtomobillərin ilkin bazar üzrə qiymətində artım (0,2%) müşahidə olunub. Amma Birliyin ekspertləri hesab edirlər ki, bu artım davamlı xarakter daşımır və qarşıdakı aylarda Rusiya istehsalı olan avtomobillərin qiymətindəki artım azalma ilə əvəz oluna bilər.

 

Qeyd edək ki, Rusiya istehsalı olan avtomobillər əsasən sedan markaları olduğundan, bu amil təklif üzrə ofrouderlərin kəskin artımının qarşısını alır. Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, tədricən bazarın yenilənməsi yaxın 1-2 ildə ofrouderlərin sayının artımı ilə nəticələnəcək.

 

«Hazırda avtomobil alıcılarının ən çox diqqət yetirdikləri məqamlardan biri də avtomobilin onların rahatlığını tam təmin etməsi ilə bağlıdır. İndi alıcıların mütləq əksəriyyəti avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobillərə üstünlük verir», - deyə Birliyin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR