Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın aldığı «Boeing-787 Dreamliner» təyyarəsi noyabr ayının sonlarında Bakıya gətiriləcək.
Bu barədə APA-ya «Azərbaycan Hava Yolları» QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
M. Səfərlinin sözlərinə görə, sifariş verilmiş ikinci «Boeing-787 Dreamliner» təyyarəsi isə 2015-ci ilin əvvəlində Azərbaycana gətiriləcək.
«Bu təyyarələrlə ABŞ-ın Nyu-York, Çinin Pekin və Avropanın bir neçə şəhərinə uçuşlar yerinə yetiriləcək», - deyə M. Səfərli vurğulayıb.
Qeyd edək ki, «Boeing 787 Dreamliner» istehsalçı şirkətin açıqladığı məlumata əsasən digər təyyarələrdən 20% az yanacaq sərf edir. Təyyarənin 290-330 sərnişin tutumlu versiyaları var. Uçuş mənzili modelinə görə, 2500 - 8500 dəniz milidir. İlk «Dreamliner» 2011-ci ildə istismara verilib.