Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası Almaniyanın Akkreditasiya Qurumu – DakkS tərəfindən növbəti dəfə akkreditasiya olunub.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq mütəxəssislərin auditi zamanı AzTEST qida laboratoriyasının imkanları bir daha araşdırılıb, laboratoriyanın daha səkkiz metodu öncəki akkreditasiya sahələrinə əlavə olunub. Bunlar mikrobioloji sınaqlardan “Staphilococcus aureus”, “koliformlar”, fiziki-kimyəvi sınaqlardan “suda xloridlərin təyini”, “Ph və elektrik keçiriciliyi”, ət və ət məhsullarında toksiki metallardan “arsen”, “qurğuşun” və “kadmium” elementlərinin təyini, fındıq və fındıq məhsullarında “aflatoksin B1. B2, G1, G2 təyini” metodlarıdır.
Məlumat üçün bildirək ki, ötən il AzTEST laboratoriyası DakkS tərəfindən akkreditasiya olunub. DakkS mütəxəssislərinin sınaq laboratoriyasında apardıqları auditin nəticəsində qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirilib, bütün növ ərzaq məhsullarının sınağının İSO/İEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi barədə qərar qəbul edilib. Bundan başqa, DakkS AzTEST-in laboratoriyasında bütün növ ərzaq məhsullarının mikrobioloji sınağını, o cümlədən meyvə şirələrində ağır metallar və titrlənən turşuların təyini, qablaşdırılmış içməli sularda kimyəvi analizləri yüksək qiymətləndirmiş, adıçəkilən sahələr üzrə də laboratoriyanı akkreditasiya edib.
Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycanda qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilməkdədir. Belə ki, adıçəkilən akkreditasiya Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınmasını, bununla da yerli müəssisələrin istehsal etdikləri ərzaq məhsullarının maneəsiz Avropa Birliyi ölkələrinə ixracını, ixrac imkanlarının genişlənməsini, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şəraitin yaranmasını təmin edəcək.