Bakı. Aynur Əliyeva - APA-Economics. Ötən gün Qaradağ rayonu Dairəvi yolunun 7-ci km-də “KamAz” markalı, 10-NL-413 dövlət nömrə nişanlı betonqarışdıran maşın aşması nəticəsində yol təsərrüfatına dəyən ziyanın dəyəri açıqlanıb.
Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
O, bildirib ki, qəza nəticəsində yol təsərrüfatına 7 358 manat məbləğində ziyan dəyib: “Bundan başqa, 90 paqon/metr əyrixətli tir, habelə yolun üzərində yerləşən işıqqaytaran 50 ədəd lent sıradan çıxıb. Betonqarışdıran maşının aşması nəticəsində yola dağılan yanacaq-sürtgü məhsulları, beton məhlulu da təmizlənib. Bu gün ikinci kran vasitəsilə qəza törədən nəqliyyat vasitəsi hadisə yerindən götürülüb”.