Bakı. Əli Əhmədov - APA-Economics. İyulun 6-da Bakıda motorlu qayıqlarda “Formula-2” üzrə Bakı “Qran-pri”si start götürəcək.
Azərbaycan Motorlu Qayıqlar Assosiasiyaları Federasiyasından “APA-Economics”ə verilən məlumata görə, iki gün davam edəcək yarış 2013-cü il dünya çempionatının ikinci mərhələsi olacaq və “Su üzərində alov” şüarı ilə keçiriləcək.
Dünyanın 9 ölkəsindən 20 idmançının qatıldığı mötəbər yarışda ölkəmizi isveçli legioner Yonas Andersson təmsil edəcək. Azərbaycan Motorlu Qayıqlar Assosiasiyaları Federasiyasının və “Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli qarşıdakı yarışla bağlı keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan bu yarışlara 2009-cu ildən qatılsa da, artıq kifayət qədər ciddi uğurlar qazanıb. Bunun Azərbaycanda idmana və bu kimi beynəlxalq müsabiqələrə göstərilən diqqətin nəticəsi olduğunu bildirən federasiya prezidenti yaxın illərdə öz həmyerlilərimizdən ibarət komanda yaratmaq niyyətində olduqlarını və növbəti yarışlarda azərbaycanlı pilotlarla təmsil olunacaqlarına ümid etdiyini deyib. Xəzər dənizinin adətən küləkli olduğunu və bununla bağlı görülən tədbirlərdən bəhs edən İ.Nehrəmli bunun üçün ən əlverişli yeri seçdiklərini və küləyə qarşı qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib. “Avesta” Konserni tərəfindən salınan yeni şəhərdə - «Khazar İslands»da müxtəlif yarışların, o cümlədən “Formula-2” yarışlarının keçirilməsi üçün müvafiq arenaların inşa ediləcəyini də sözlərinə əlavə edib.
Mükafat fondunun olub-olmaması ilə bağlı sualı cavablandıran gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Bakı “Qran-pri”sində mükafat fondu təyin edilməyib. Onun sözlərinə görə, Beynəlxalq Motorlu Qayıq İttifaqı (UİM) belə bir təkliflə çıxış etsə, qaliblər üçün pul mükafatı təsis olunacaq. Federasiya prezidenti İbrahim Nehrəmli də belə bir planlarının olduğunu diqqətə çatdırıb.
Çıxış edən UİM-in baş katibi Andrea Dini gələcəkdə motorlu qayıq üzrə “Formula-1” yarışının da Bakıda təşkilinin mümkünlüyünü vurğulayıb.
Mətbuat konfransında həmçinin İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi də çıxış edib.