Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda noyabrın 21-23-də “Baku Startup Weekend” beynəlxalq tədbiri keçiriləcək.
“APA-Economics”in məlumatına görə, “Baku Startup Weekend”in əsas məqsədi biznes modelinin hazırlanması, kodlaşdırması, dizayn edilməsi və bazar qiymətinin müəyyənləşdirilməsi mərhələlərini əhatə edir.
Layihə gənc sahibkarlara şirkətlərini tanıtmaq, yeni insanlarla tanış olmaq, yeni bacarıqlar əldə etmək, standart 9-dan 5-ə olan iş günün fərqli etmək, investisiya və yaxud həmtəsisçi əldə etmək şansı qazandırır.
Sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər qeydiyyatdan keçərək tədbirdə iştirak edə bilərlər.
Qeyd edək ki, “Startup həftəsi” bu günə qədər olan ən nəhəng “Global Startup Battle” yarışı çərçivəsində keçiriləcək. Qaliblər hədiyyələrlə mükafatlandırılacaqlar. Bu, Bakıda keçiriləcək üçüncü startup həftəsi olacaq. “Bakı Startup Weekend” tədbirinə Sang Pil Chun, Alper Celen, Kerim Selekie, Anna Degtereva, Şeyx Şuvo kimi bir çox beynəlxalq spikerlər, təlimçilər dəvət olunub.
Layihəyə Yüksək Texnologiyalar Parkı (YTP) və ADA təşkilati dəstək göstərir.