Bank Of Baku

Bakıda təklifin məhdudlaşması fonunda torpaq sahələrinin bahalaşması müşahidə olunur

Bakıda təklifin məhdudlaşması fonunda torpaq sahələrinin bahalaşması müşahidə olunur
# 02 iyul 2013 12:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycanda bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib.

 

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, may ayında köhnə yaşayış evlərinin sökülməsi tendensiyası mövsümlə əlaqədar olaraq xeyli zəifləyib. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempində passivlik müşahidə edilib.

 

Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial və mədəni obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib.

 

Bazara təklif olunan ümumi 716 hektar torpaq sahəsinin 82%-ni boş sahə, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib: «Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin sayının çox olmasına baxmayaraq, mövsümlə bağlı tələbin nisbi artımı müşahidə olunub. Son aylarda torpaq bazarı üzrə təklifin də azalması müşahidə olunur. Tələbin artımı, şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərdə torpaq sahələrinin məhdudlaşması ilə bağlı bazarda təklif üzrə orta qiymətlərdə də artım (1,1%) müşahidə olunub. Qiymət indeksi də 267,8 bəndindən artaraq 270,7 bəndində qərarlaşıb».

 

Ay ərzində torpaq sahələri üzərində bağlanan alqı-satqı əqdlərinin sayında əvvəlki ayla müqayisədə artım qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən müsbətə doğru dəyişib: «Aparılan bazar araşdırmaları göstərir ki, zonalar üzrə də qiymətlərdə artım müşahidə olunub. Son 1 ildə paytaxtda mənzil söküntüsünün sürətlənməsi, şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələb artmaqda davam edib, mövsümlə əlaqədar may ayında bu tendensiyanın bir qədər dərinləşməsi müşahidə olunub. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1,9% azalıb, buna müvafiq olaraq əmlakın bu növü üzrə risk dərəcəsinin azalması müşahidə olunur».

 

May ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə artım qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 15 931 dollar/sot səviyyəsindən 1,1% artaraq 16 104 dollar/sot təşkil edib.

 

«Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin artmasına səbəb olub. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə azalıb. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini azaldıb. Buna baxmayaraq fərdi-yaşayış evlərinin və torpaq sahələrinin sənədləşməsindəki problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən atılan addımların ləngiməsi torpaq üzərində aparılan əməliyyatlara hələ də mənfi təsir göstərməkdədir», - deyə İctimai Birlikdən bildirilib.

 

May ayında Bakı şəhəri üzrə əksər rayonlarda qiymət artımı qeydə alınıb. Ən çox qiymət artımı Xəzər rayonunda (2,1%) baş verib.

 

Hazırda torpaq bazarında ən aktiv rayonlar sırasına Binəqədi və Qaradağ rayonlarını aid etmək olar. Ən passiv rayon isə Səbail rayonudur. May ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 250 min manat/sot Nərimanov (Atatürk prospekti) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 dollar/sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.

 

May ayında zonalar üzrə qiymət dinamikası

 

Zonalar

Qiymətlər, $/sot

Orta qiymət dəyişməsi, %

I zona

184 761

1,1

II zona

105 646

1,0

III zona

21 475

1,2

IV zona

4 048

0,9

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR