SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") hər il 100 mln. dollar mənfəət əldə edəcək.
“APA-Economics” xəbər verir ki, bunu şirkətin baş direktoru Anar Məmmədov deyib.
Onun sözlərinə görə, dünyada illik iqtisadi artımın 3%-4% təşkil etməsinə baxmayaraq, Türkiyədə bu rəqəm 6%-7% təşkil edir: “Son üç il Petkim üçün çox uğurlu olub. 2017-ci ildə şirkətimiz mənfəət baxımından rekorda imza atıb. Gəlirlərimiz 70 faiz, xalis mənfəətimiz isə ikiqat artıb. Maliyyəyə göstəriciləri ilə yanaşı, ixracda da rekorda nail olduq . Ümumi istehsal gücümüz 3,6 milyon tondur, ancaq bu rəqəmi əldə etmək çətindir. Biz 3,42 milyon ton istehsal ilə ümumi potensialımızın 97 faizinə çatdıq. Avropadakı neft-kimya müəssisələrində bu səviyyə 82 faizdir”.
A.Məmmədov əlavə edib ki, istehsalatda gəlirliliyi artırmaq üçün STAR neft emalı zavodu ilə birgə investisiya yatıracaqlar.
“Petkim” və STAR birgə müəssisə kimi çalışacaq. Bizim bu müştərək fəaliyyətdən gözləntimiz “Petkim” tərəfindən illik 100 milyon dollar xalis mənfəət əldə etməkdir. Mənfəətin 60 milyon dollarını biz ilk günlərdən görməyə başlayacağıq ki, bu da sahib olduğumuz logistik üstünlükdən irəli gəlir. Hal-hazırda dünyanın hər yerindən nafta tapmaq məcburiyyətindəyik. STAR neft emalı zavodu istismara verildikdən sonra biz birbaşa boru vasitəsilə “Petkim”in ehtiyacına uyğun və yüksək keyfiyyətli nafta almağa başlayacağıq. Yəni, logistik üstünlüklər sayəsində illik 60 milyon dollar xalis mənfəət əldə edəcəyik. Digər 40 milyon dollar isə müştərək xidmətlər və ümumi infrastrukturdan əldə olunacaq. Petkim yarımadasında inkişaf etmiş infrastruktura malikik. Biz bunları STAR neft emalı zavodu ilə də bölüşəcəyik. “Petkim”in infrastrukturu olmasaydı, STAR-ın investisiya həcmi fərqli olacaqdı”, - deyə baş direktor vurğulayıb.
Hal-hazırda istehsal xammalının böyük qismini bazardan əldə edildiyini qeyd edən baş direktor STAR neft emalı zavodunun 3-cü rübdə istismara verildikdən sonra bütün məhsulların bu müəssisədən əldə edəcəklərini vurğulayıb: “Bizim iki əsas zavodumuz var. Bunlar etilen və aromat zavodlarıdır. Hər ikisində naftadan istifadə edirik. STAR neft emalı zavodu fəaliyyətə başladıqdan sonra burada yeni bir məhsul istehsal olunacaq. Bu da aromat zavodunda hal-hazırda istifadə olunan ağır naftadan daha üstün və gəlirli bir məhsul olacaq”.