Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5,8 mlrd. manat məbləğində vəsait yönəldilib, 3,7 mlrd. manat məbləğində tikinti-quraşdırma işləri görülüb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, investisiya qoyuluşu 2012-ci ilin müvafiq dövrünə nisbətən 27,4%, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi isə 42,5% artıb.
Əsas kapitala yönəldilmiş vəsaitin 4,2 mlrd. manatını və ya 73,4%-ni daxili investisiyalar təşkil edib və ötən ilki səviyyədən 22,3%, xarici investisiya isə 44,1% yüksək olub.
Yanvar-may aylarında ümumi sahəsi 664,4 min kv. metr yaşayış evləri, 2 818 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 457 yerlik məktəbəqədər təhsil müəssisələri, 724 yerlik klub, Bakıda «Gəmi təmiri və gəmiqayırma» İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Sumqayıt şəhərində «Gilan» tekstil parkı, Abşeron rayonunda «Milla» süd məhsulları və dondurma istehsalı zavodu, birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Qobustan rayonunda İdman kompleksi, Qəbələ rayonunda Mədəniyyət Mərkəzi, Atıcılıq Klubunun birinci mərhələsi, heyvandarlıq-südçülük kompleksi, «Aspi Winery» üzüm emalı zavodu, Hacıqabul rayonunda seramik plitələr zavodu və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilib.
«Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7 019,0 mln. manat vəsaitin 2 474,7 mln. manatından istifadə olunub», - deyə Komitədən bildirilib.