Cari ilin ilk rübündə Şərur rayonunun Xanlıqlar-VərməziyarƏrəbyengicə-Qarahəsənli-Çəmənli avtomobil yolunun yenidən qurulması başa çatdırılıb, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunun Kosacan, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı, Kəngərli rayonunun Qarabağlar kəndlərində avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
“APA-Economics”in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılmasına başlanılıb. Muxtar respublikanın dəmir yolu təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunub, Ordubad dəmiryolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılıb.
Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi davam etdirilib, “Naxçıvan Dəmir Yolları” MMC-nin inzibati binasının əsaslı təmirinə başlanılıb.
Cari ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8%, sərnişin daşınması 1,6% artıb. Yük və sərnişin daşınmasından bütövlükdə 11 mln. 663 min manat gəlir əldə edilib ki, bu da bir il öncəki göstəricidən 2,3% çoxdur.