Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdədə yerləşən 7 saylı ərazi idarəsinin yeni inzibati binasının açılışı olub və vətəndaşlar, maraqlı tərəflər və KİV nümayəndələri üçün “açıq qapı” günü keçirilib.
Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ərazi idarəsində “Açıq qapı” gününün təşkilində məqsəd ərazi idarəsində daşınmaz əmlakın qeydiyyatı prosesi ilə əyani tanışlıq, vətəndaşlara və digər iştirakçılara qeydiyyatla bağlı hüquqi prosedurların əyani çatdırılması, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarının cavablandırılmasıdır.
Eyni zamanda açılış tədbirindən sonra yerli icra nümayəndələri, bələdiyyələr və digər aidiyyəti təşkilatların nümayəndələri üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi-maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov bildirib ki, istifadəyə verilən Bərdə ərazi qeydiyyat idarəsinin yeni inzibati binası müasir xidmət standartlarına və tələblərinə tam cavab verir.
Qeyd edək ki, burada həyata keçiriləcək hüquqi və funksional yardımçı xidmətlərdən Bərdə rayonu ilə yanaşı həmçinin ətraf rayonların əhalisi də yararlana biləcək.