Bakı – APA-Economics. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, 29 iyun 2013-cü ildə dəmir yolunun Puta-Heybət mənzilində 3,5 kilometr yolun əsaslı təmirinə start verilib.
Təmir işləri üç gün davam edəcək.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Qeyd edək ki, «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 251,2 kilometr yol əsaslı təmir olunub, bunun da 178 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatdırılıb.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın «İxrac» Bankının nəzarət qrupu müşahidə edir.