Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. "Elmi tutumlu ixrac potensialının gücləndirilməsinə yönələn məhsul və xidmətlərin istehsalı hələ kifayət qədər deyil. Lakin, bunun üçün Azərbaycanda yetərincə imkanlar yaradılıb".
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə bu gün Bakıda keçirilən Elm Festivalında açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə ölkədə xüsusi innovativ sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılıb: "Bununla yanaşı, innovativ sahibkarlığı gücləndirmək üçün ölkədə özəl şirkətlərə maliyyə dəstəyinin verilməsi üçün xüsusi fondlar yaradılıb. Həmin fondların vasitəsi ilə yerli şirkətlər beynəlxalq bazarlarda rəqabət qabiliyyətini daha da gücləndirəcək".
Nazir qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində xüsusi tədqiqatlar mərkəzi fəaliyyət göstərir: "Mərkəzlərdə istər Azərbaycan Milli Elmlər Akademiyası, istərsə də bir çox universitetlərlə birlikdə nanoelemetlərinin, yeni tipli led işıqlarının alınması, eləcə də çiplərin istehsalı üçün lazım olan elmi texniki və konstruktiv işlər görülüb. Bundan sonra əsas olan yeni biznes layihələr əsasında innovativ tipli yeni məhsulların inkişafını təmin etməkdir".