Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iyulun 4-də bir sıra KİV-də Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində, Tofiq Bəhramov adına Respublika Stadionunun arxasındakı meşə zolağının qırılması və bu barədə guya ETSN-ə məlumat verilsə də, heç bir tədbirin görülməməsi ilə bağlı dərc olunmuş yazı ilə bağlı məlumat yayıb.
ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatda deyilir ki, Nazirliyə bu ərazidə ağac kəsilməsi ilə bağlı məlumat verilməsi və tədbir görülməməsi barədə yazılanların heç bir əsası yoxdur: «Çünki sözügedən ərazidə ağac kəsilməsi ilə əlaqədar Nazirliyə hər hansı məlumat daxil olmayıb. Bununla belə, yayılmış məlumatın araşdırılması məqsədilə ETSN-də təcili olaraq operativ qrup yaradılıb və mətbuatda adına istinad edilmiş şikayətçi Vaqif Əliyevin araşdırmada iştirakının təmin olunması üçün Nazirlik tərəfindən müvafiq mətbuat orqanına müraciət olunub. Lakin həmin şəxsin ünvanı və telefon nömrəsinin yazını dərc etmiş mətbu orqan tərəfindən götürülmədiyi əsas gətirildiyindən şikayətçinin araşdırmada iştirakı mümkün olmayıb».
Məlumatda həmçinin qeyd olunub ki, Nazirliyin əməkdaşları yayılan məlumatla əlaqədar araşdırma aparan bir neçə jurnalistin iştirakı ilə sözügedən əraziyə baxış keçiriblər. Bütün ərazi boyu aparılan araşdırma və yoxlamalar nəticəsində müəyyən edilib ki, həmin ünvanda heç bir ağac kəsilməyib, yalnız bir neçə yerdə dəmir borular basdırılıb. Əraziyə dəmir boruların kimlər tərəfindən basdırılması araşdırılır. Çünki mövcud qanunvericiliklə torpaqlardan istifadə onun mülkiyyətçisi tərəfindən həyata keçirilir və torpaq sahəsinin ayrılması da aidiyyəti qurumların səlahiyyətində olduğundan ETSN bu ünvandakı torpaq sahəsinin kimə ayrılmasından məlumatsızdır. Buna baxmayaraq, sözügedən ərazidə mövcud olan ağaclar Nazirliyin əməkdaşları tərəfindən sayılaraq müvafiq icra orqanlarına təhvil verilib və ərazi nəzarətə götürülüb».