İsmayıllı. Elvin Yaqubov - APA. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda nəqliyyatın hərəkətinin bərpası üçün alternativ körpü salınacaq.
APA-nın məlumatına görə, bu sözləri hadisə yerinə gələn və körpünün vəziyyəti ilə tanış olan “Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, mütəxəssislər dağılmış körpüyə, sel suları ötürücüsü olan kanala və ətraf əraziyə baxış keçirib rəy verəcəklər və sonra yeni körpünün inşasına başlanılacaq. Həmçinin bu yolda nəqliyyatın hərəkətinin müvəqqəti bərpası üçün sabahdan indiki körpünün sağ tərəfindən alternativ körpünün inşasına başlanacaq. Hazırda ərazidə Göyçay və İsmayıllı yol istismar idarələrinin ağır texnikası və işçi qüvvəsi çalışır, alternativ körpünün inşası üçün hazırlıq işləri görülür. Bu gün günorta saatlarında körpünün dağılmasına səbəb olan “SHACMAN” markalı yük maşınının yedəyindəki mişar daşları başqa maşına boşaldılıb və avtomobil qaldırıcı kran vasitəsilə oradan çıxarılıb.
P.Mürsəliyev bildirib ki, eni 7 metr, uzunluğu 31 metr olan iki aşırımlı körpü 1976-cı ildə istismara verilib və son vaxtlar ağır tonnajlı avtomobillərin təsiri nəticəsində vaxtından əvvəl dağılıb. O, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun yenidən qurulması üçün hazırda layihə hazırlandığını bildirib.
Məlumata görə, “SHACMAN” markalı yük maşını mişar daşı ilə yüklü vəziyyətdə körpünün üzərindən keçərkən onun yüklə birgə çəkisi normadan çox, yəni 75 ton olub. Maşında 2400 ədəd mişar daşı olub. Amma həmin maşının yüklə birgə 45 tondan artıq çəkisi olmamalı idi.
Qeyd edək ki, ötən gecə saat 23:00 radələrində yolun 3-cü kilometrliyində, İsmayıllının Kürdmaşı kəndi ərazisində sel sularını ötürən kanalın üzərindəki körpü uçub və yol bağlanıb. Sürücü Hümbət Novruzovun idarə etdiyi 90 JR 304 dövlət nömrə nişanlı “SHACMAN” markalı yük maşını mişar daşı ilə yüklü vəziyyətdə körpünün üzərindən keçərkən qəzalı vəziyyətdə olan körpü tamamilə dağılaraq yararsız hala düşüb. Yedəyindəki yükü ilə birgə 75 ton ağırlığı olan “SHACMAN” maşını körpünün üzərində asılı vəziyyətdə qalıb. Qəza zamanı sürücü xəsarət almayıb.
37 il öncə salınan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu və həmin körpü dağılaraq istismar müddətini başa vurub. Son vaxtlar böyük çalaların əmələ gəldiyi yolda avtomobillərin hərəkəti çətinləşib. Göyçay və İsmayıllı sakinlərinin ən çox istifadə etdiyi bu yol körpünün dağılması səbəbindən tamamilə bağlandığı üçün indi avtomobillər alternativ olaraq yaxınlıqdakı kəndlərin daxili yollarından, Göyçay-Bığır-Hacıhətəmli-İvanovka-İsmayıllı və Göyçay-Ağdaş-Qəbələ-İsmayıllı yollarından istifadə edirlər.