Bank Of Baku

İordaniya Azərbaycanla İKT sahəsinə əməkdaşlıqda maraqlıdır

İordaniya Azərbaycanla İKT sahəsinə əməkdaşlıqda maraqlıdır
# 27 may 2013 09:23 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İordaniyada Yaxın Şərq və Şimali Afrika regionu üzrə Ümumdünya İqtisadi Forumunun növbəti iclası keçirilib.

 

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 3 gün davam edən forumda İordaniya Kralı II Abdullah, ABŞ-ın dövlət katibi Con Kerri, Fələstinin lideri Mahmud Abbas, Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Cju Min, bir sıra ölkələrin sabiq hökumət başçıları, siyasi, ictimai xadimlər, iqtisadçı ekspertlər, 50-dən çox ölkənin parlament üzvləri, habelə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Azərbaycanı ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov təmsil edib.

 

Tədbiri giriş nitqi ilə açan Kral II Abdullah İordaniyanın son illər üzləşdiyi iqtisadi və maliyyə problemləri, bir çox region ölkələrinin büdcə kəsiri problemi, dünya iqtisadi böhranının bütün regiona mənfi təsiri barədə fikirlərini bölüşüb, forumun işinə uğurlar arzulayıb.

 

Forum çərçivəsində Yaxın Şərq və Ərəb dünyasının üzləşdiyi bir sıra iqtisadi problemlər və onların həll yolları ətrafında seminarlar da təşkil edilib.

 

Forum çərçivəsində nazir Ə.Abbasov İordaniyanın sənaye və ticarət naziri, eyni zamanda, rabitə və informasiya texnologiyaları naziri Hatəm Həlvani ilə görüşüb. Söhbət zamanı rabitə və informasiya texnologiyaları sahəsində iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və bu əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycanın İKT sahəsində böyük uğurlar əldə etdiyini bildirən Ə.Abbasov, bu sahədə geniş investisiya yatırımı imkanlarının olduğunu iordaniyalı həmkarının diqqətinə çatdırıb, onu cari ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılan «Bakutel 2013» konfrans və sərgisinə dəvət edib.

 

Azərbaycana üç dəfə səfər etdiyini, ölkənin hər yerində, xüsusən də Bakıda aparılan nəhəng yenidənqurma və quruculuq işlərini yüksək qiymətləndirən H.Həlvani Azərbaycanla İKT sahəsinə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR