İranın Qərbi Azərbaycan əyalətinin başçısı Məhəmməd Mehdi Şəhriyari Naxçıvanın iqtisadiyyat naziri Famil Seyidovla görüş keçirib.
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə İran və Naxçıvan Muxtar Respublikası arasında Poldəşt sərhəd buraxılış məntəqəsinin 24 saatlıq fəaliyyətinin zəruriliyi vurğulanıb.
M.M.Şəhriyari İran və Naxçıvan Muxtar Respublikası arasında gömrükdə güzəştlərin tətbiqinin zəruriliyini qeyd edib və mövcud potensialın artırılması və gömrük prosedurunun sadələşdirilməsi üçün ikitərəfli əməkdaşlıq səviyyəsinin artırılmasının vacibliyini bildirib. Qərbi Azərbaycan əyalətindəki mövcud potensiallardan danışan M.M.Şəhriyari deyib ki, əyalətdə kənd təsərrüfatı, maldarlıq, bal istehsalı və digər sənaye məhsulları sahəsində geniş imkan var. “Biz bu sahələrdə Naxçıvanla əməkdaşlığa hazırıq. Qərbi Azərbaycanla Naxçıvan arasında iqtisadi əlaqələr yaxşı səviyyədə qurulub. Hər iki ölkə bu əlaqələrdən öz inkişafı üçün daha çox bəhrələnməlidir,” – M.M.Şəhriyari qeyd edib.
Görüşdə F.Seyidov iki ölkə arasında ticarət əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb və naxçıvanlı tacirlərin İranla əməkdaşlıqda və əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib: “Poldəşt sərhəd buraxılış məntəqəsinin iş rejiminin 24 saat olması zəruridir. Biz həm də İran və Naxçıvan gömrüyünün 24 saatlıq rejimdə olmasında maraqlıyıq. Bu məsələ araşdırılır və gömrüyün 24 saatlıq fəaliyyəti əlaqələrin inkişafına təkan verəcək”.