Bank Of Baku

Koreya şirkəti “Bakı körfəzi dəniz körpüsü” layihəsini həyata keçirməkdən imtina edib

Koreya şirkəti “Bakı körfəzi dəniz körpüsü” layihəsini həyata keçirməkdən imtina edib
# 26 noyabr 2014 11:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Xəzər dənizi üzərindən uzunluğu 26 km olan “Bakı körfəzi dəniz körpüsü” adlı layihəni həyata keçirmək istəyən “Dong Sung Engineering” Cənubi Koreya şirkəti öz təklifindən imtina edib.

 

Bu barədə “APA-Economics”ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov məlumat verib.

 

Onun sözlərinə görə, layihəni təklif edən şirkət sonradan layihədə qeyd olunan müəyyən şərtləri dəyişib. Belə ki, şirkət körpünün dövlət vəsaiti hesabına deyil, öz vəsaitləri hesabına reallaşdırmağı təklif edib: “Bu, sadəcə sərmayədarın öz marağında idi. Şirkət hökumətdən müəyyən güzəşt müddəti istəyirdi. Təkliflərdən biri körpüdəki hərəkətin pullu əsaslarla həyata keçirilməsindən ibarət idi. Onlar texniki əsaslandırma da həyata keçirmişdilər, lakin sonradan bu işə həvəssiz yanaşdılar. Lakin bunun səbəbi məlum deyil”.

 

Şəhərdə nəqliyyatın sıxlığının azaldılması ilə bağlı tam etibarlı layihə hələlik təklif edilmədiyindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ikinci variantı həm əsaslı, həm də ekoloji cəhətdən daha səmərəli hesab edir. Belə ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl Planı”na əsasən, nəqliyyat probleminin həlli üçün Neftçilər prospekti boyunca və ona paralel sualtı avtomobil tunelinin çəkilməsi təklif olunub. Tunel Bayıl qəsəbəsinin başlanğıcında, Bəhramgur abidəsindən bir neçə yüz metr əvvəl başlayır və Bakı Dəniz Vağzalının köhnə binasınadək davam etməlidir. Tunelin bulvarın kənarına birləşdirilməsi və onun üstünün torpaqla örtülməsi isə bulvarın eninin 20-30 metr artırılması ilə nəticələnəcək. Tuneldə onun əvvəli və sonu ilə yanaşı, daha bir çıxışın olması nəzərdə tutulur - bunun Azadlıq meydanında olması təklif edilir. Körpüdən fərqli olaraq, tunelin cəmi 3,6 km uzunluğu nəzərdə tutulub.

 

D. Dövlətxanov deyib ki, ümumiyyətlə, böyük şəhərlərdə torpaq qıtlığı ilə əlaqədar olaraq yeraltı sahənin istifadə olunmasına böyük diqqət yetirilir. “Bizdə də “Böyük Bakının Regional İnkişaf Planı”nda məhz Bakı ərazisində yeraltı sahənin istifadə olunması prioritet hesab olunur”, - deyə D. Dövlətxanov əlavə edib.

 

Qeyd edək ki, Koreya şirkətinin təklifinə əsasən, Xəzər dənizinin iki sahilini birləşdirməklə, dəniz üzərində körpünün uzunluğu 17 km təşkil etməli idi. Belə ki, “Bakı körfəzi dəniz körpüsü” Bakı Dairəvi avtomobil yolunu birləşdirməklə, nəqliyyat vasitələrinin Bakı şəhərinin mərkəzi hissəsinə daxil olmadan, şimal və cənub istiqamətindən şəhərin şərq və əks istiqamətdə hərəkətə şərait yaratması nəzərdə tutulub.

 

Mütəxəssislərin hesablamalarına görə, dənizin üzərindən asma körpünün dəyəri təxminən 1,5-1,8 mlrd. dollar, yeraltı tunel isə 3 mlrd. dollar həcmində qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR