Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycanın ilkin mənzil bazarında qiymətlərin artması müşahidə olunub.
«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, Birliyin monitorinq qrupu tərəfindən may ayında paytaxtın ilkin mənzil bazarında növbəti araşdırma aparılıb: «May ayında havaların nisbətən isinməsi daşınmaz əmlak bazarına təsirsiz ötüşməyib. Alıcıların tədricən bazara qayıtması son nəticədə alqı-satqı əqdlərinin sayında və qiymətlərdə özünü büruzə verib. Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib. Mövsümi amillərin burada rolu böyük olsa da, tikinti şirkətlərinin qiymətləri stabil saxlamağa çalışması, mənzillərin satışında kredit portfelinin həcminin artması aktivliyin müsbətə doğru inkişafına təsirsiz ötüşməyib. Paytaxt ərazisində gedən infrastruktur dəyişiklikləri hesabına alıcılıq qabiliyyəti yüksələn tendensiya ilə davam edib. Nəticədə bağlanan əqdlərin sayında artım müşahidə olunub».
Beləliklə, may ayında aparılan araşdırmalara əsasən, təklif portfelində orta qiymətlə (700-800 manat) satışa çıxarılan mənzillərin payı artıb. Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırılmaya məruz qalan çoxmənzilli yaşayış binalarının sayı 400-dən 396-ya düşüb. Xətai rayonunda binanın satışdan çıxarılması nəticəsində bu rayon üzrə yeni tikililərin sayı 82 olub. Əvvəlki aylarda olduğu kimi, son mərtəbələrə hələ də tələbatın aşağı olması bir çox yeni tikilinin tam satılaraq satışdan çıxmasına mane olub. Müvafiq olaraq tikinti şirkətlərinin sayında da dəyişiklik baş verib, bir tikinti şirkəti siyahıdan çıxıb və say 131 olub.
«Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyub. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 2/3 hissəsini təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib», - deyə Birlikdən bildirilib.
May ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə 1 kv. metr üzrə orta qiymət göstəricisi əvvəlki aydakı 864,3 manata qarşı 1% artaraq 873,2 manat təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,3%, ötən ilə nisbətdə isə 7,7% artımla yadda qalıb.
Qeyd edək ki, 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə qiymət azalması 26,9% təşkil edib. Həmin dövr üçün 1 kv. metr mənzilin qiyməti 1 194 manat olub.