Bakı. Əli Əhmədov – APA-Economics. Qarşıdakı 8-10 ildə Azərbaycanda İKT sektorunun inkişafında əsas istiqamətlərdən biri elektron hökumət xidmətlərinin inkişafı ilə bağlı olacaq. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, artıq bu gün Azərbaycanda təsdiq olunan 417 elektron dövlət xidmətindən təxminən 35%-i elektron şəkildə verilir: «Bizim 2020-ci il üçün hədəfimiz isə bu xidmətləri təxminən bütövlükdə elektronlaşdırmaq və əhalinin 80%-nə elektron xidmətlərə çıxmaq imkanı yaratmaqdır. İndi Azərbaycanda bu rəqəm 20%-dir».
Ə.Abbasov orta məktəblərin internetə qoşulma qrafikini də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanın bütün məktəblərinin genişzolaqlı internetə birləşdirilməsi prosesi başlayıb: «İndiyədək məktəblərin 40%-i internetə qoşulub. Gələn ilin sonunadək isə bütün məktəbləri genişzolaqlı internetə 100% qoşulması planımızdadır».