Bank Of Baku

Nazir müavini Azərbaycan vətəndaşlarını xaricdən telefon alarkən diqqətli olmağa çağırıb

Nazir müavini Azərbaycan vətəndaşlarını xaricdən telefon alarkən diqqətli olmağa çağırıb
# 19 iyun 2013 07:50 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Xarici ölkələrdə səfərdə olan Azərbaycan vətəndaşları orada telefon və ya digər mobil rabitə cihazları alarkən, diqqətli olmalıdırlar – alınan cihazların mənşəyi bilinmədiyi və orijinal olmadığı aşkar olunsa, Azərbaycanda həmin avadanlıqlardan istifadə etmək mümkün olmayacaq. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

 

Qeyd edək ki, Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) mayın 1-dən işə düşüb və ölkədə istifadə olunan bütün mobil rabitə cihazları bu sistemdə qeydiyyatdan keçməlidir. Bu tarixdən etibarən ölkədə mənşəyi bilinməyən, orijinal olmayan və oğurluq telefonların istifadəsi mümkün deyil. Bu zaman mobil telefonun orijinal olub-olmadığı onun IMEI koduna əsasən müəyyən edilir.

 

İ.Məmmədov bildirib ki, telefon və digər mobil cihazlar Azərbaycan vətəndaşlarının xaricdə səfərdə olduğu zaman ən çox maraq göstərdikləri mallardandır: «Xüsusilə, Asiya ölkələrindən, İranda və Yaxın Şərq ölkələrində səfərdə olanlar özləri ilə mobil cihazlar gətirirlər. Bəziləri belə cihazları özlərinə, digərləri hədiyyə olaraq yaxınlarına alırlar».

 

Bununla yanaşı, Azərbaycanda MCQS-in işə düşməsi nəticəsində mənşəyi bilinməyən telefonların istifadəsi mümkün olmayacaq. Ona görə də nazir müavini xarici ölkələrdən belə cihazları alarkən onların orijinallığına əmin olmağı məsləhət görür. İ.Məmmədovun sözlərinə görə, vətəndaşlar xaricdə almaq istədikləri telefonun orijinallığını yoxlamaq üçün onların IMEI kodlarını öyrənməli və www.imei.az saytı vasitəsilə kodun orijinal olub-olmadığını dəqiqləşdirməlidir. Yalnız müsbət cavab aldığı halda bu telefonu almaq məsləhətdir.

 

Yeri gəlmişkən, artıq qanunsuz telefonların ölkəyə buraxılmamasına başlanılıb. Yeni sistemin işə düşməsindən keçən vaxt ərzində ölkəyə mənşəyi bilinməyən, orijinal olmayan 20 minə yaxın mobil rabitə cihazının gətirilməsinin qarşısı alınıb.

 

Eyni tövsiyələr İnternet vasitəsilə xaricdən telefon sifariş verənlərə də aiddir.

 

Nazirlik IMEI kodların yoxlanmasını təkmilləşdirmək məqsədilə eyni adlı səhifənin işinə dəyişiklik edib. Belə ki, indiyədək telefonun IMEI kodunun yoxlanması üçün onu saytdakı bölməyə daxil etmək kifayət edirdi. Bu zaman həmin kodun orijinal olub-olmadığı dəqiqləşirdi. Amma nazir müavininin sözlərinə görə, bəzi qeyri-rəsmi istehsalçılar orijinal mobil telefonların kodlarını qanunsuz olaraq mənimsədiklərinə görə, bu üsul özünü heç də həmişə doğrultmurdu: «Tamamilə qanuni istehsal olunmuş telefonun kodu pirat məhsullara yerləşdirilir, yoxlayanda isə belə kodun doğrudan da olduğu təsdiqlənir, amma sonradan məlum olur ki, bu tamamilə başqa modeldir». Belə halların qarşısını almaq üçün bundan sonra telefonun IMEI kodu ilə yanaşı, sayta onun modelini də daxil etmək lazım gələcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR