Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın sərnişin nəqliyyatı sektorunda kartla ödəniş sisteminin tətbiqi paytaxtda nəqliyyatın hərəkətinin sürətlənməsinə kömək edəcək. «APA-Economics»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, hazırda kart ödəniş sisteminin tətbiqi layihəsi üzərində iş davam etdirilir: «Artıq avtobusların bir hissəsində xüsusi avadanlıqlar - valodatorlar quraşdırılıb. Kart ödəmə sisteminin müvafiq bank sistemləri ilə bağlanması, ödəmə kartlarının buraxılması, onlardan istifadə formaları və onların əhaliyə izahı üçün müvafiq sənədlərin hazırlanması üzərində aktiv iş aparılır».
Nazir müavini bildirib ki, vətəndaşlar bu yenilikdən razı qalacaqlar: «Çünki pulların üzərində gəzdirilməsi, xırda pulların olub-olmaması bəzən problem yaradır. Eyni zamanda, insanların avtobuslara minib-düşməsi üçün çox böyük imkanları yaranacaq. Nəticədə, hərəkət qrafikləri daha da sürətlənəcək, insanların ictimai nəqliyyatdan istifadəsi üçün rahat şərait yaradılacaq».
M.Pənahov qeyd edib ki, kart sisteminə keçid dövründə müəyyən problemlər yarana bilər – kartların alınması, karta pulun yüklənməsi, problemli kartların dəyişdirilməsi və ya qaytarılması və s.: «Bunların hamısı diqqətlə öyrənilir ki, yeni sistemə keçid rahat olsun».