Bakı. Aynur Əliyeva – APA-Economics. Estoniyanın paytaxtı Tallində Estoniya-Azərbaycan ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın II iclası keçirilib.
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanı iclasda adıçəkilən qurumun rəhbəri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə energetika və sənaye nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, eləcə də Xarici İşlər, Sənaye və Energetika, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Mərkəzi Bankın və Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) nümayəndələri daxil olublar.
Estoniya tərəfdən isə iclasda iqtisadi əlaqələr və infrastruktur naziri Urve Palonun rəhbərlik etdiyi komissiya üzvləri iştirak ediblər.
İclasda sənaye və energetika, informasiya-kommunikasiya texnologiyaları, maliyyə, gömrük rüsumu və vergilər, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
İclasın yekunlarına dair tərəflər arasında protokol imzalanıb.
Tərəflərin sənaye və energetika sahəsində əməkdaşlığa qarşılıqlı marağını nəzərə alaraq həm dövlət qurumlarının, həm də biznes dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib. Ə. Abbasovun özəl sektorun nümayəndələri ilə keçirdiyi görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləyir, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına zəmin yaradacaq.
Nazir və onu müşayiət edən şəxslər səfər çərçivəsində Estoniya Hökumət Evində (Stenbock House) olublar. Burada Ə. Abbasov Estoniya baş naziri Taavi Rıyvas ilə görüşüb. O, Azərbaycan nümayəndə heyətini “Elektron hökumət”in işi ilə tanış edib. Səfər zamanı Ə. Abbasov həmçinin Tallin Texniki Universitetinin rektoru ilə görüşüb, akademik və tələbə auditoriyası qarşısında mühazirə ilə çıxış edib.
Səfər çərçivəsində nümayəndə heyəti “e-Estonia Showroom” ən yeni texnologiyaların elektron təqdimatı binasında da olub. Burada Azərbaycan nümayəndə heyəti üçün Estoniyanın “Tehnopolis” Texnoloji Parkının təqdimatı keçirilib.
Bundan başqa, Ə. Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti vəzifəsi ictimai dialoq və demokratik idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olan “e-government Academy” Elektron İdarəetmə Akademiyasına da baş çəkib.