Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhəri Xətai rayonunun Xudu Məmmədov küçəsində avtomobil yolunun təmirinə başlanılıb.
«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, uzun illər mühəndis-kommunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı X.Məmmədov küçəsində aparılan qazıntı işləri yolda avtomobillərin hərəkətində ciddi problemlər yaradır: «Ümumi uzunluğu 600 metr olan Xudu Məmmədov küçəsində artıq təmir işlərinə başlanılıb – yol boyu xəndəklər bərpa olunub, asfalt-beton örtüyünün döşənməsinə başlanılıb».
P.Mürsəliyev qeyd edib ki, «Həzi Aslanov» metro stansiyasının yaxınlığında yerləşən Xudu Məmmədov küçəsi Gəncə prospekti ilə kəsişir və yaxın günlərdə yolda aparılan təmir işləri başa çatdıqdan sonra avtomobillərin hərəkəti Gəncə prospekti və əks istiqamətdə tam bərpa olunacaq.