Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı-Böyük Kəsik dəmir yolunun Yevlax-Malay mənzilində 5 km yolun əsaslı təmirinə başlanılıb. Səhər tezdən start götürən təmir işləri bir həftə davam edəcək. «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, əsaslı təmir işlərini «Dəmiryolservis» MMC həyata keçirir.
Eyni zamanda MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun bildirdiyinə görə, Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2010-2014-cü illər) icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib: «Bu günə kimi 276,1 km yol əsaslı təmir olunub, bunun da 205 km-nin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb».
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik yolunun əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir.