Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yaralanan dinc sakin Bakıya gətirilir

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yaralanan dinc sakin Bakıya gətirilir
# 03 may 2016 06:59 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ermənilərin Ağdama atdığı top mərmisinin partlaması nəticəsində yaralanan Məmmədov Elnur Polu oğlu müalicə üçün Bakıya gətirilir.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna bildirilib ki, E. Məmmədovun ağciyərində aparılan əməliyyatın davamlı müalicəsi üçün paytaxtdan gələn mütəxəssislərin məsləhəti ilə Bakıya gətirilməsinə qərar verilib. Yaralı Bakıdakı Elmi-Tədqiqat Ağciyər Xəstəlilikləri İnstitutunda müalicə alacaq.

Xatırladaq ki, Ağdamın Əfətli kənd sakini, 1978-ci il təvəllüdlü Elnur Məmmədov aprelin 27-dən 28-ə keçən gecə erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində qəlpə yarası alıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR