“İstedadların hazırlığı laboratoriyası” layihəsi üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

“İstedadların hazırlığı laboratoriyası” layihəsi üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb
# 27 noyabr 2015 09:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilən “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində Respublika Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub.

APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev qalibləri təbrik edib.


Layihə barədə təqdimatla çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndra Hacıyeva deyib ki, layihə ölkəmizdə keçirilən distant təhsil və yarışlar içərisində özünəməxsus yer tutur. Əsas məqsəd istedadlı, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasıdır. Öz ətrafında gəncləri toplamağa müvəffəq olmuş bu layihə yeniyetmələr arasında dəqiq elmləri, texniki sahələri təbliğ edir, onlara marağı artırır: “Bir çox ölkə istedadları aşkar etmək, onları yetişdirmək üzərində çalışır. Biz də buna çalışmışıq. 14-16 yaşlı yeniyetmələrin biliklərini sınaması üçün belə bir məkan, yarış imkanı yaradılıb. “İstedadların hazırlığı laboratoriyası” layihəsi təcrübi xarakter daşıyır və bu sahədə bütövlükdə yeni modeldir. Seçim virtual məkanda aparılıb, yalnız Olimpiyada mərhələsi əyanidir, virtual təhsilə cəlb etmək də virtual məkandadır. Əsas məqsəd yeniyetmələri beynəlxalq olimpiadalara hazırlamaqdır. Layihə www.istedad.az veb saytı vasitəsi ilə həyata keçirilib. Öncəki 2 ildə olduğu kimi, bu il də layihə iştirakçıları 3 online olimpiada turu vasitəsi ilə müəyyənləşdirilib. Bu il 900 nəfərdən çox (3 il ərzində 6 minədək) gənc online olimpiada turlarında iştirak edib. Bu il 98 nəfər olimpiadanın 2015-ci il final turuna vəsiqə qazanıb və onlardan 89 nəfər dünən Bakıda keçirilən final turunda iştirak edib. İştirakçılar riyaziyyat, fizika və kimya üzrə yarışıblar. Final Respublika Olimpiadasının qalibləri üçün sonradan elmi düşərgələrdə beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinin keçirilməsi də nəzərdə tutulur”.



İ. Hacıyeva Azərbaycanda 14-17 yaş arasında 200 mindən artıq gənc olduğunu və onların böyük potensiala malik olduğunu vurğulayıb. Daha sonra qaliblərin adları açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR