Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib
# 05 fevral 2016 11:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2015-ci il ərzində həyata keçirilən islahat tədbirlərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov hesabat dövründə nazirliyin sosial müdafiə, məşğulluğun təminatı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, peşə hazırlığı və peşəyönümü işin təşkili sahələrində həyata keçirdiyi tədbirlərin ölkə əhalisinin ümumilikdə 1,2 mln. nəfərdən çox hissəsini əhatə etdiyini bildirib.

“Bu dövrdə ünvanlı dövlət sosial yardımlarının ünvanlılıq və şəffaflıq prinsipləri əsasında təyinatına ciddi nəzarət davam etdirilib və ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü illə müqayisədə 8 773 ailə (38 334 nəfər ailə üzvü) və ya 7,2% azalaraq 2015-ci il üzrə orta hesabla 112 662 ailə (492 337 nəfər ailə üzvü) təşkil edib. Bu yardımların bir ailəyə düşən orta aylıq məbləği isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 152,6 manata çatıb. Artıq 10 ilə yaxındır ki, ölkədə ünvanlı dövlət sosial yardımı proqramına başlanılıb və həmin müddətdə ehtiyac meyarının məbləği 3,5 dəfə artırılıb”, - deyə nazir vurğulayıb.

S.Müslümov qeyd edib ki, aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi, habelə ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 20 mln. manat ayrılıb.

S.Müslümov diqqətə çatdırıb ki, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması ötən il nazirliyin həyatında mühüm islahatlardan biri olub: “Ünvanlı dövlət sosial yardımı üçün elektron şəkildə ediləcək müraciətlərə baxılması üçün ailələrlə bağlı tələb olunan məlumat və arayışların elektron qaydada əldə edilməsi məqsədilə sistemdə "Elektron hökumət" portalı üzərindən 20 dövlət qurumuna aid informasiya resurslarının inteqrasiyası nəzərdə tutulur. Artıq iki rayonda sınaq işlərinə başladığımız bu sistem yaxın vaxtlarda bütün ölkə üzrə tətbiq olunacaq ki, bununla da ünvanlı dövlət sosial yardımlarının təyinatına məmurların müdaxilə imkanları aradan qalxacaq, yardım təyinatında tam şəffaflıq təmin olunacaq”.

Tibbi-sosial ekspertiza və reabilitasiya xidmətindən bəhs edən nazir hesabat dövründə ilkin olaraq əlil və sağlamlıq imkanları məhdud hesab edilənlərin sayının 2014-cü illə müqayisədə 7 254 nəfər azaldığını qeyd edib: “İlkin əlillik müəyyən edilməsi məqsədi ilə əlillik müayinəsi aparılan şəxslərdən əlillik təyin olunanların çəkisi 2015-ci ildə əvvəlki illə müqayisədə 79,6%-dən 75,9%-ə enib. Ümumilikdə ötən il ilkin əlillik təyin olunan vətəndaşların sayında əvvəlki ilə nisbətən 3 969 nəfər, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilən 18 yaşadək uşaqların sayında isə 3 285 nəfər azalma olub. Təkrar əlillik müayinəsi aparılan şəxslərdən 5 340 nəfəri tam, 3 345 nəfəri hissəvi reabilitasiya edilib”.

S.Müslümov bildirib ki, ötən il nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması əlilliyin müəyyən olunması sahəsində məmur-vətəndaş təmaslarının minimuma enməsinə və şəffaflığın təminatına hesablanıb. Bununla bağlı texniki işlər artıq yekunlaşır. Əlillik müayinəsi üçün müraciət edən vətəndaşdan hər hansı xəstəlik sənədi tələb olunmayacaq və bu, müvafiq qurumun informasiya bazasından elektron qaydada əldə olunacaq. Əlillik müayinəsinin nəticəsinə dair məlumatın öyrənilməsi üçün isə vətəndaşlara artıq geniş imkanlar yaradılıb. Yəni vətəndaş həm nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən istifadə etməklə, həm də daha asan şəkildə, sadəcə telefonla nazirliyin 142-Çağrı mərkəzinə müraciət etməklə bu məlumatı əldə edə bilir.

Cari ilin yanvar ayında əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları ilə bağlı yeni əsasnamənin təsdiq edildiyini bildirən S.Müslümov diqqətə çatdırıb ki, bu sənədə əsasən, əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən beş il müddətinə uzadılıb, əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi isə müddətsiz müəyyən olunub. Bu dəyişiklik əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma enməsinə və şəffaflığın artırılmasına yönələn bir tədbir kimi ümumən cəmiyyətdə razılıqla qarşılanıb: “Artıq keçən ilin dekabrından ilkin əlillik təyinatları barədə qərarlar zona TSEK-ləri tərəfindən deyil, nazirlikdə yaradılmış səyyar komissiyalar tərəfindən, ciddi və obyektiv şəkildə aparılan müayinələr nəticəsində qəbul edilir. Bunun müsbət nəticəsi kimi, müraciət edənlər sırasında əlillik təyin olunanların sayında əhəmiyyətli azalma özünü göstərir”.

Nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılmasının müvafiq sahədə idarəetmənin təkmilləşməsində, tibbi-sosial reabilitasiya tədbirlərinin daha səmərəli təşkilində mühüm rol oynadığını qeyd edib.

Hesabat dövründə sosial cəhətdən həssas qruplardan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, maddi təminatlarının gücləndirilməsi yönündə aparılan işlərdən bəhs edən S.Müslümov həmin dövrdə ümumilikdə 281 müharibə əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini, 132 mənzilli yaşayış binasının gözdən əlillərin, 120 mənzilli yaşayış binasının valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin istifadəsinə verildiyini bildirib: “Hazırda Bakıda və ölkənin bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli və fərdi yaşayış evlərinin inşası, hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir olunması istiqamətində işlər davam edir. Eyni zamanda ötən il 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs “Naz-LİFAN” markalı minik avtomobili ilə təmin edilib və ümumilikdə son iki ildə bu təbəqələrdən olan 1 933 nəfər avtomobillə təmin olunub ki, bu da indiyədək ölkəmizdə dövlət tərəfindən avtomobillə təmin edilənlərin 33,6%-i deməkdir”.

Nazir bildirib ki, ötən il həmçinin 463 932 nəfərə aylıq və birdəfəlik sosial müavinət, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8% çox, yəni 54 623 nəfərə Prezident təqaüdü ödənilib. Sosial müavinət və təqaüdlərin məbləği cari il fevralın 1-dən 10 faiz artırılıb ki, bu da sosial cəhətdən həssas qruplara dövlət qayğısının daim artmaqda olduğunu, mövcud iqtisadi şəraitdə də onların sosial müdafiəsinin diqqətdə saxlandığını göstərir.

Hesabat dövründə 29 min nəfər işsiz və işaxtaran vətəndaşın münasib iş yerləri, 4 117 nəfər şəxsin müvəqqəti xarakterli işlərlə təmin olunduğunu qeyd edən S.Müslümov 1 626 nəfərin haqqı ödənilən ictimai işlərə, 2014-cü illə müqayisədə 9,5% çox, yəni 4 147 nəfərin peşə hazırlığına cəlb olunduğunu, 114,5 mindən çox gəncə peşəyönümü məsləhətləri verildiyini bildirib: “Hazırda nazirlik tərəfindən işsiz və işaxtaran şəxslərin iş yerləri ilə təminatı məqsədilə dövlət və qeyri-dövlət şirkətləri ilə birgə mühüm işlər aparılır. Müsbət haldır ki, bu məsələ ilə bağlı işəgötürənlərdə sosial məsuliyyət hissi xeyli artıb və son günlərdə işəgötürənlər tərəfindən nazirliyə çoxsaylı boş (vakant) iş yerləri barədə məlumatlar daxil olur. Bu iş yerlərində iş üçün müraciət edən vətəndaşların məşğulluğu təmin edilir. Biz artıq Əmək yarmarkalarına da başlamışıq və bu tədbirlər bütün rayon və şəhərlərdə təşkil olunacaq. Ümumilikdə il ərzində işəgötürənlərlə fəal əməkdaşlıq şəraitində aktiv məşğulluq tədbirləri xeyli gücləndiriləcək”.

Nazir həmçinin diqqətə çatdırıb ki, ötən il vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5,5 mln. manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Keçən il 5,1 min nəfərdən çox şəxsə bərpa-müalicə xidmətləri göstərilib, əvvəlki illə müqayisədə 64,6% çox, yəni 265 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib. 3 164 nəfər sanator-kurort müəssisələrinə, 1005 nəfər əlilliyi olan şəxs istirahət və sağlamlıq mərkəzlərinə yollayışla təmin olunub. Əlilliyi olan şəxslərə 34 075 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1 273 ədəd əlil arabası verilib ki, bunlar da 2014-cü illə müqayisədə müvafiq olaraq 49% və ya 2,2 dəfə çoxdur. Respublikada 15 min nəfərədək müvafiq şəxsə səyyar və statisionar şəkildə sosial xidmətlər göstərilib.

Bu dövrdə nazirliyin e-xidmətlərindən 2,2 mln. dəfədən çox, yəni ümumilikdə nazirlik tərəfindən göstərilən xidmətlər e-gov üzərindən 45 qurum tərəfindən göstərilən bütün xidmətlərin 19%-ni təşkil edib. Nazirliyin rəhbərliyi və məsul şəxsləri tərəfindən 26 145 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib və müvafiq tədbirlər görülüb, 142-“Çağrı mərkəzi” tərəfindən 111 386 müraciət cavablandırılıb.

Nazir vurğulayıb ki, ötən il vətəndaşların qəbulu və onların müraciətlərinin cavablandırılması sahəsində şəffaflığın yaradılması və vətəndaşların müraciətlərinin operativ cavablandırılması məqsədilə Vətəndaşların qəbulu və müraciətlərinin qeydiyyatı alt sistemi yaradılıb. Sistemin tətbiqi vətəndaş məmnunluğunun təmin edilməsində müəyyən müsbət addımların atılmasına imkan verib. Eyni zamanda sistem vasitəsilə müraciətlərin təhlil edilməsi sahələr üzrə müəyyən işlərin görülməsinə şərait yaradıb. Qəbulda iştirak etmiş hər bir vətəndaş qəbul nəticəsi barədə qiymətləndirmə aparmaq imkanına malikdir və bu imkandan vətəndaşların aktiv iştirakı müşahidə edilib.

Bundan başqa, qəbula online formada yazılmaq üçün elektron xidmətlər hazırlanıb ki, bu xidmətlər vasitəsilə vətəndaşlar online formada növbə götürə bilərlər. Digər bir xidmət isə qəbulda iştirak edən şəxslərin rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmaları üçün nəzərdə tutulub. Hər iki xidmət üçün ilkin testləşdirmə işləri tamamlanıb və "Elektron hökümət" portalı üzərindən vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır. Əlavə olaraq eyni xidmətlərin "142 Çağrı Mərkəzi" üzərindən də göstərilməsi nəzərdə tutulub.

Kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanovun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin hesabatları dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR