“Azpetrol” Beyləqanda yeni yanacaqdoldurma məntəqəsini açıb

“Azpetrol” Beyləqanda yeni yanacaqdoldurma məntəqəsini açıb
# 23 dekabr 2015 07:01 (UTC +04:00)

Bakı. APA-Economics. “Azpetrol” şirkəti Beyləqanda özünün yeni yanacaqdoldurma məntəqəsini açıb. Bu, “Azpetrol”un sayca 84-cü yanacaqdoldurma məntəqəsidir.

“Azpetrol” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, yeni məntəqənin açılışında Beyləqan şəhəri İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, yerli dövlət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Məntəqənin açılışı zamanı “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd edib ki, bu gün şirkətin yeni yanacaqdoldurma məntəqəsinin açılışı Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardır: “Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Hələ 1994-cü ilin sentyabr ayında prezident Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda beynəlxalq konfransda dərin məzmunlu çıxışında prezident xarici şirkətləri ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırmış, sahibkarların fəaliyyətinə dövlət təminatının mövcudluğunu xüsusi qeyd etmişdi”.

Öz çıxışında C. Məmmədov onu da vurğulayıb ki, hazırda özəl sektorun Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnərək günü-gündən güclənməsi prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında keçirilən uğurlu və ardıcıl iqtisadi siyasətin məntiqi nəticəsidir.

Şirkətin rəhbəri daha sonra qeyd edib ki, yeni məntəqənin istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması məsələsi həll olunur ki, bu da şirkətin fəaliyyətinin əsas istiqamətlərindən biridir: “Bu baxımdan yeni açılan məntəqənin istifadəyə verilməsi ilə 35 yeni daimi iş yerinin açıldığını xüsusilə qeyd etmək istərdim”.

Xatırladaq ki, şirkət Beyləqanda həm də müştərilərin rahatlığını təmin etmək üçün hər cür şəraitə malik olan Motel də istifadəyə verib. Bundan başqa, şirkət gələcəkdə Bakı şəhərində və Tərtər rayonunda da yeni yanacaqdoldurma məntəqələrinin açılışını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR