FES-in faiz siyasəti hələlik dolları sabit saxlayacaq - TƏHLİL

FES-in faiz siyasəti hələlik dolları sabit saxlayacaq - <span style="color: red;">TƏHLİL
# 17 mart 2016 13:21 (UTC +04:00)

Gözlənildiyi kimi, martın 15-16-da keçirilən iclasında Federal Ehtiyat Sisteminin Açıq Bazarları üzrə Komitəsi baza faiz dərəcələrini 0,25%-0,5% səviyyəsində saxlayıb. Bu o deməkdir ki, ABŞ-da pul-kredit siyasətinin sərtləşdirməsi təxirə salınır. bu da öz növbəsində dolların daxili səbəblərdən möhkəmlənməməsi siqnalı kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, belə təsir artıq dərhal özünü göstərib. Belə ki, FES-in qərarı məlum olunduqdan dərhal sonra dünya bazarlarında dolların ucuzlaşması baş verib. Cəmi bir saat ərzində avronun dollara qarşı məzənnəsi 1,0720 dollardan 1,1182 dollaradək qalxıb, dolların ienə qarşı məzənnəsi 113,8 iendən 112,9 ienədək, dolların Kanada dollara qarşı məzənnəsi 1,335 Kanada dollarından 1,319 dollarınadək enib, İngilis funtun dollara qarşı məzənnəsi 1,409 dollardan 1,4226 dollaradək qalxıb və sair. Dollar bütün valyutalara qarşı enmə dinamikası göstərir.

FES-in qərarı barədə şərhində deyilir ki, yanvarda keçirilmiş son iclasdan sonra zaman ərzində ölkədə iqtisadi fəallıq kiçik templərlə artıb, həmçinin kiçik templər ev təsərrüfatlarının xərclərində, investisiya sahəsində, mənzil bazarında, ixracda və bir sıra digər sahələrdə müşahidə olunub. Eyni zamanda əmək bazarında vəziyyətin yaxşılaşdığı və yeni iş yerlərinin açıldığı bildirilir. Əsas göstəricilərdən biri olan və FES-in qərarlarına birbaşa təsir edən amili olan inflyasiyada kiçik artım müşahidə olunsa da, inflyasiya hələ də hədəf olan 2%-dən aşağıdır. Buna təsir edən amillər sırasında enerjidaşıyıcıların ucuzlaşması əsas rol oynayıb. FES gözləyir ki, bütün təhlil edilən göstəricilər üzrə müvafiq dinamikalar davam edəcək. İlk növbədə bunu iqtisadi fəallığın kiçik templərlə artması və əmək bazarın möhkəmlənməsi barədə demək olar. Bütün bunları nəzərə alaraq FES faiz dərəcələrini əvvəlki səviyyədə saxlamağa qərar verib. Gələcəkdə faiz dərəcələrin yenidən baxılması (qaldırılması) barədə isə deyilir ki, bu qərarı qəbul edən zaman FES ilk növbədə məşğulluq və inflyasiya üzrə nəzərdə tutulan hədəf göstəricilərə nail olunması amilini əsas götürəcək.

Beləliklə, FES bu il ərzində artıq ikinci dəfədir ki, faiz dərəcələrini dəyişməz saxlayır. Xatırladaq ki, bundan əvvəl yanvarın sonunda keçirilən iclasda faiz dərəcələri qaldırılmayıb, halbuki o vaxt bunu etmək ehtimalı indikindən daha güclü olub. Ötən ilin dekabrında faiz dərəcələrinin qaldırılması qərarı ilə birlikdə bu il üçün qaldırma qrafiki şərti olaraq təsdiq edilib və il ərzində faiz dərəcələrinin 4 dəfəyə 1,2-1,4%-dək qaldırılmasını nəzərdə tutulub. Amma faizlər nə o zaman, nə indi qaldırılmayıb. Bu fakt onu deməyə imkan verir ki, ABŞ-ın iqtisadi rəhbərliyi ölkədə iqtisadi inkişafını, xüsusən də bərpa tendensiyalarını hələ də o dərəcədə güclü hesab etmir və buna görə, pul-kredit siyasətini daha da sərtləşdirmək niyyətində deyil.

Faiz dərəcələrinin qaldırılmasının şərti kimi həmişə üç əsas göstərici qeyd edilir:

  1. ÜDM-in artımı;
  2. inflyasiya səviyyəsi;
  3. əmək bazarında vəziyyət.

Hazırda bütün bu göstəricilər üzrə vəziyyət demək olar ki, qənaətbəxşdir. Belə ki, ÜDM-in artımı davam edir və 2015-ci ilin yekunlarına görə 2,4% təşkil edib. İnflyasiya 1,7% təşkil edərək hədəf olan 2%-lik səviyyəyə tədricən yaxınlaşır, əmək bazarında isə vəziyyət tam müsbətdir – yanvarda işsizlik səviyyəsi cəmi 4,9%-ə düşüb ki, bu da son 8 il ərzində ən minimal göstəricidir. Faktiki demək olar ki, daxili iqtisadi vəziyyət qənaətbəxşdir, amma xarici iqtisadi şərait mənfi ehtiyatlar yaradır. Belə ki, Çin iqtisadiyyatında problemlərin dünya iqtisadiyyatına və ABŞ-a mənfi təsiri istisna edilmir ki, demək olar ki, bu məqam FES-i saxlayan ən amillərdən biridir. Aydındır ki, Çin mallarının bahalaşması ABŞ-ın daxili bazarına təsir edir ki, bu da bəzi makroiqtisadi nəticələrə gətirib çıxarır. Amma bundan əlavə (və bəlkə də bu daha güclü amildir) saxlayıcı qüvvə kimi Çin problemlərinin maliyyə bazarlarına mənfi təsirini qeyd etmək olar. FES-in rəhbəri Canet Yellen fevral ayında Konqresdə çıxış edərək bəyan edib ki, Çinin valyuta siyasəti və Çinin iqtisadi inkişaf perspektivləri sahəsində qeyri-müəyyənlik dünya maliyyə bazarlarında həddən artıq dəyişkənlik yaradır. Aydındır ki, həmin faktorlar ABŞ-ın maliyyə bazarlarına da mənfi təsir edir. Bundan başqa ABŞ-ın xarici ticarət tərəfdaşı olan ölkələrdə iqtisadiyyatlarının inkişaf tempinin azalması ölkənin ixracını azaldır. Nəhayət, ABŞ-ın ixracına mənfi təsir edən amillərdən daha biri güclü dollardır. Fevralda Canet Yellen bəyan etmişdi ki, həmin saxlayıcı amillər “ortamüddətli perspektivdə” zəiflənə bilər. Yəni... yalnız ortamüddətli perspektivdə faizlərin qaldırılmasını gözləmək olar.

Qeyd edək ki, FES-in gözləmə mövqeyi Avropa Mərkəzi Bankı, Yaponiya, Danimarka, İsveç və İsveçrənin maliyyə rəhbərliyi tərəfindən radikal siyasətə keçid fonunda baş olunur. Həmin ölkə və regionlarda nəinki faiz dərəcələrinin azaldılması həyata keçirilir, üstəlik mənfi faiz dərəcələri praktikasına keçilir. Bunun əsas məqsədi maliyyə qurumlarını kredit və investisiya şəklində iqtisadiyyatı maliyyələşdirməyə stimullaşdırmaqdır. Əgər həmin regionların iqtisadiyyatında geriləmə və deflyasiya əlamətləri güclənirsə, ABŞ-da vəziyyət əksinə olaraq sağlamlaşmağa doğru gedir və bu səbəbdən faiz dərəcələri bir qədər qaldırılır. Lakin xarici təsirlənmə amili səbəbindən indi dərəcələrin qaldırılması dayandırılıb.

Bunun daha bir və elan edilməyən səbəbi o ola bilər ki, faizlərin qaldırılması dolların möhkəmlənməsinə səbəb olmalıdır (Avropada və Yaponiyada mənfi dərəcələrin tətbiqi milli valyutalarının zəiflənməsinə gətirib çıxaracaq). Dolların möhkəmlənməsi yerli istehsalçıların maraqlarına ziddir ki, bu amil də faiz dərəcələrin qaldırılmamasının lehinədir. Faktiki olaraq, FES-in faiz siyasəti kənar ölkələr, o cümlədən Azərbaycan üçün ilk növbədə dolların kursuna təsiri baxımından maraqlıdır. Əminlik var ki, faizlərin qaldırılmaması ilə dolların kursu indiki səviyyədə qalacaq. Mütəxəssislərin fikrincə, FES faizlərin qaldırılmasına gələn ay gedə bilər, o vaxta qədər ABŞ-ın daxili amilləri dollara təsir etməyəcək. Dolların möhkəmlənməsinin xarici amillərin təsiri altında baş verəcəyini də istisna etmək olmaz. Buraya avronun zəifləməsi amilini əlavə etmək lazımdır. Amma bu artıq başqa bir məsələdir, FES-in faiz siyasəti hələlik dolların sabitliyini təmin edəcək.

Qeyd edək ki, Komitənin növbəti iclaslarının aprelin 26-27-də və iyunun 14-15-də keçirilməsi nəzərdə tutulur.

Vahab Rzayev, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR