Dövlət Komitəsi: Uşaq əməyi ilə bağlı açıqlanan statistika çox vaxt reallığı əks etdirmir

Dövlət Komitəsi: Uşaq əməyi ilə bağlı açıqlanan statistika çox vaxt reallığı əks etdirmir
# 15 sentyabr 2015 12:46 (UTC +04:00)

Bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

O bildirib ki, uşaqların əməyə cəlb olunması və təhsildən yayınması ilə bağlı açıqlanan statistika çox vaxt reallığı əks etdirmir: “Uşaqların əməyə cəlb olunması və təhsildən yayınması əslində bir-biri ilə əlaqədar problemlərdir. Əvvəlki illərdə rəqəmlər yüksək idi. Lakin son dövrlər azalma müşahidə olunur. Onu da qeyd edim ki, uşaq əməyi ilə bağlı açıqlanan statistika çox vaxt reallığı əks etdirmir. Çünki bir neçə sahibkarlıq subyekti qanunsuz fəaliyyət göstərir. Onlara nəzarət yoxdur. Orada yoxlamalar aparılmır, orada işləyən uşaqlar statistikaya daxil edilmir. Konkret olaraq, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaq əməyinin istismarı ilə bağlı iki fakt aşkarlayıb. Bu 2-3 fakt deyil axı, çoxdur. Yenə deyirəm, elə sahibkarlıq subyektləri var ki, qeydiyyatsız fəaliyyət göstərirlər və onlara nəzarət etmək olmur. Məsələn, ailə təsərrüfatları. Tutalım, ailənin böyük sayda mal-qarasını uşaq günün müəyyən vaxtında aparıb otarır. Bu, dərs vaxtı da, dərsdən sonra da ola bilər. Yəni bu hallar aidiyyəti orqanlar tərəfindən nəzarətdən kənarda qalır. Düşünürəm ki, bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə, təkmilləşdirilməsinə ehtiyac var”.

Komitə rəsmisinin sözlərinə görə, təhsildən yayınan uşaqlar adətən aztəminatlı ailələrin övladları olur: “Biz məktəblərdə aidiyyəti orqanlarla birlikdə monitorinq aparmaqla uşaqların dərsdən yayınma hallarını müəyyənləşdirə bilirik. Hazırda monitorinqlərimiz davam edir. Artıq bir neçə rayonda uşaqların əməyə cəlb olunması səviyyəsini öyrənmişik. Uşaqlar daha çox avtomobil təmiri sexlərində, yol kənarında ticarətlə məşğul olurlar. Bunlar da ağır iş sayılır. Biz bu cür uşaqları aşkarlayıb onların valideynləri ilə söhbət aparırıq. Çox vaxt bu uşaqlar aztəminatlı ailələrin uşaqları olur. O ailələrin sosial problemləri də nəzərdən keçirilir. Bəzən də elə olur ki, valideyn uşağı məcburi işləməyə vadar edir. Biz bu hallarda çalışıb həmin uşaqların təhsilini bərpa etməyə çalışırıq. Hər bir rayon üzrə işləyən komissiyalarımız həmin uşaqlara nəzarət edirlər ki, bir daha təhsildən yayınma halları olmasın. Artıq bir neçə rayonda vəziyyəti analiz edib ilin axırında konkret rəqəmlərlə, təkliflərlə çıxış edəcəyik”.

P. Əliyev qeyd edib ki, 15 yaşdan aşağı uşaqların əməyə cəlb olunması qanunla qadağan olunub: “Uşaq əməyi qanunvericiliklə qadağan olunmayıb. Sadəcə 15 yaşdan aşağı uşaqların işləməsi qadağandır. 15 yaşdan 18 yaşına qədər uşaqlar isə işləyə bilərlər. Biz də uşaq əməyinin istismarına qarşı ciddi şəkildə mübarizə aparırıq. Bir çox dövlət proqramlarında bununla bağlı müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Biz də öz növbəmizdə polislə, təhsil işçiləri ilə birlikdə təlim keçiririk və xeyli sayda maarifləndirmə xarakterli məlumatlar çap etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR