Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 263,9 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 29,6%, nəqliyyat vasitələrinin istehsalı 1,1%, avtomobil və qoşquların istehsalı isə 1,2 faiz azalıb.
Belə ki, ötən on ayı ərzində Azərbaycanda 725 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 60,6% azdır. Nəticədə bu ilin noyabr ayının 1-nə 287 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən 10 ay ərzində ölkədə 301 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,4% çoxdur.
Bundan başqa, ötən aylar ərzində 551 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Nəticədə bu ilin noyabrın 1-nə 68 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Yanvar-oktyabr aylarında 896 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 17,3% azdır.