"Azərbaycanda elektron "Tax free" sistemi"nin tətbiqi ilə bağlı təqdimat keçirilib

"Azərbaycanda elektron "Tax free" sistemi"nin tətbiqi ilə bağlı təqdimat keçirilib
# 04 oktyabr 2016 09:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün "Azərbaycanda elektron "Tax free" sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.


"APA-Economics" xəbər verir ki, tədbirdə çıxış edən vergilər nazirinin müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar barədə danışıb, ölkə başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust tarixli sərəncamı və bu sərəncam çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

Bundan sonra Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva təqdimatla çıxış edərək, ölkəmizdə "Tax free" sisteminin tətbiqi, onun faydaları, bununla bağlı inzibatçılıq məsələləri və s. barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölkə başçısının müvafiq fərmanı ilə "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası" təsdiq edilib, eyni zamanda dövlət başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust tarixli sərəncamı ilə ölkəmizi turistlər üçün cəlbedici məkana çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Vergilər Nazirliyinə həvalə edilib.

"Tax free" sistemi ölkədə turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu sistem ilkin olaraq beynəlxalq hava limanlarında tətbiq edilməyə başlanıb və gələcəkdə respublikanın digər sərhəd-buraxılış məntəqələrində tətbiq olunması nəzərdə tutulur. Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistemin tədricən bütün sərhəd-buraxılış məntəqələrində tətbiq olunacaq", - deyə S. Musayeva əlavə edib.

Dünyada ƏDV tətbiq edən 130 ölkənin "Tax free" sisteminə qoşulduğunu deyən S. Musayeva bildirib ki, bu sistemin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla, pərakəndə ticarətdə satış dövriyyəsinin artırılmasına, ixrac yönümlü istehsalın stimullaşdırılmasına, xarici valyutanın ölkəyə axınının artmasına gətirib çıxarmalıdır.

"Tax free" sisteminin tətbiqi şərtlərinə toxunan S. Musayeva qeyd edib ki, turistin mal alan zaman şəxsiyyətini təsdiq edən sənədi üzərində olmalıdır, alınan mal şəxsi istehlak məqsədi daşımalıdır, bir alışda əldə edilmiş malın ƏDV daxil olmaqla dəyəri 300 manatdan az olmamalıdır, turistə təqdim edilmiş elektron vergi hesab fakturası (e-vhf) və malın alışını təsdiq edən sənədləri özündə saxlamalıdır.

Sonra tədbir iştirakçılarına "Tax free" sisteminin tətbiqində gömrük orqanlarının apardığı nəzarət prosesi barədə məlumat verilib. Bildirilib ki, alıcı tərəfindən pasport təqdim edildikdən sonra satıcı elektron vergi hesab fakturasını Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-faktura sistemi vasitəsilə tərtib edərək, həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür. E-vhf, ştrix-kod əks olunmaqla, iki nüsxədə çap olunur və hər iki nüsxə alıcıya təqdim edilir. E-vhf satıcının imzası və mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərti ilə həyata keçirildiyinə dair təsdiqedici qeyd olan möhürlə təsdiqlənməklə təqdim olunmalıdır. Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda həmin mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə gömrük sərhəd-buraxılış məntəqəsində aldığı mallara dair elektron vergi hesab fakturasını pasportla birlikdə gömrük orqanı əməkdaşına təqdim edir. Elektron vergi hesab fakturasının məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında yoxlanılır və sonra avtomatik risk qiymətləndirməsi aparılır. Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda, alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim etməlidir. Gömrük orqanı əməkdaşları təqdim olunmuş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxladıqdan sonra qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi elektron vergi hesab fakturasında təsdiq qeydi aparır, onu möhürlə təsdiqləyərək alıcıya təqdim edəcək və vahid məlumat bazasında elektron vergi hesab fakturasını təsdiqləməklə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür. Risk qiymətləndirməsinin nəticələri əsasında alıcıdan malları gömrük baxışı üçün təqdim etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini əks etdirən elektron vergi hesab fakturası gömrük orqanı tərəfindən möhürlə təsdiqlənərək məlumatlar real vaxt rejimində müvəkkil banka ötürülür. Elektron vergi hesab fakturasının bir nüsxəsi gömrük orqanında saxlanılır, digər nüsxəsi isə alıcıya qaytarılır.

Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş elektron vergi hesab fakturasına əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş kimi və ya 10 iş günündən gec olmayaraq, xarici və ya milli valyutada bank kartına və ya hesabına köçürmə qaydasında qaytarır.

Qaydalara əsasən, ƏDV-nin qaytarılması aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət daşıyan mallara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, ixracı üçün lisenziya tələb olunan mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, müşayiət olunmayan baqajla Azərbaycan ərazisindən aparılan mallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara şamil olunmur.

Sonda qeyd olunub ki, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Tax free” bölməsi istifadəyə verilib, rəsmi internet səhifəsində həmin bölməyə keçid yerləşdirilib. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məlumatlar nazirliyin rəsmi internet saytında və Facebook səhifəsində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR