Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin əlyazmasının surəti əldə edilib

Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin əlyazmasının surəti əldə edilib
# 23 oktyabr 2015 07:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan alimi Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin Paris Milli Kitabxanasında saxlanan əlyazmasının surətini əldə edib. AMEA-dan APA-ya verilən xəbərə görə, bu əsər XIII əsrdə Marağa rəsədxanasında tərtib olunmuş səma cisimləri kataloqudur və burada dünyanın müxtəlif xalqlarının təqvimləri barədə geniş elmi məlumat verilib. Əsərin bir nüsxəsi də Əlyazmalar İnstitutunda saxlanılır.

“Zici-Elxani”nin Paris Milli Kitabxanasında saxlanan 126 vərəqdən ibarət nüsxəsinin bir sıra vərəqləri pərakəndədir, vaxtı ilə düzgün səhifələnməyib.

Tarixi qeyd olunmasa da, nüsxənin XV əsrdə köçürüldüyünü söyləmək olar.

Əlyazmanın 3-cü vərəqində onun sahibi olmuş Şeyx Məhəmməd İbrahimin qeydi var. Həmin vərəqdə nüsxənin Xacə Əsirəddin ibn Xacə Nəsirəddin tərəfindən köçürüldüyü qeyd olunub. Əsər müqəddimə və dörd məqalədən ibarətdir. Hər məqalə bir neçə babdan ibarətdir.

Orta əsr astronomiya elminin inkişafında böyük rol oynamış bu əsərin AMEA-nın Əlyazmalar İnstitutunda saxlanan nüsxəsi 1404-cü ildə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR