Bakıda piyadanı vuraraq öldürən sürücü barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda piyadanı vuraraq öldürən sürücü barəsində həbs qətimkan tədbiri seçilib
# 06 mart 2015 13:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanı vuraraq öldürən sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, paytaxtın Yasamal rayonunun hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Belə ki, martın 2-də saat 00:40 radələrində rayonun Tbilisi prospektində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq piyada 1956-cı il təvəllüdlü İsmayılov Əvəz Rəhim oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin «Daewo Gentra» markalı «99-AE-083» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Rəcəbov Pərviz Bəhruz oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub və barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR