Göyçayda qəsdən yanğınlar törədilib

Göyçayda qəsdən yanğınlar törədilib
# 26 fevral 2017 21:38 (UTC +04:00)

Göyçay rayonunda qəsdən tödərilən yanğın hadisələrinin sayı xeyli artıb.

Fövqəladə Hallar Nazirliynin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nn yerli bürosuna verilən məlumata görə, fevralın 26-da rayon sakinləri tərəfindən kol-koslu və qamışlı ərazidə qəsdən 9 yanğın hadisəsi törədilib. Həmin yanğın hadisələri küləkli havada kənd yaşayış məntəqələri, fərdi evlər və tövlələr üçün böyük təhlükəyə səbəb olub və hər bir yanğın hadisəsinin qarşısını almaq üçün əraziyə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib.

Fevralın 26-da axşam saat 21:30 radələrində Göyçayın Yalman kəndində fərdi yaşayış evinin yanmasına səbəb də yaxınlıqdakı kol-kosun qəsdən yandırılması olub. Məlumata görə kənd sakini 1956-cı il təvəllüdlü Kərimova Zülfixumar Məhəmməd qızına məxsus ümumi sahəsi 130 kvadrat metr olan 4 otaqlı ev içərisindəki əşyalarla birgə tamamilə yanıb. Yanğın zamanı ev sahibi mənzildə olmayıb və hadisə barədə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Alov söndürülüb və evə bitişik yardımçı tikili yanğından mühafizə edilib. Məlum olub ki, evin yanmasına qonşunun küləkli havada kol-kosdan olan çəpəri yandırması və yanğına nəzarət etməməsi səbəb olub. Bundan əlavə fevralın 26-da rayon sakinləri tərəfindən qamışlı ərazidə törədilən yanğının söndürülməsi nəticəsində sahibkara məxsus ümumi sahəsi 530 kvadratmetr olan avtomobil təmiri sexi alovdan son anda mühafizə edilib.

Yanğından mühafizə hissəsindən APA-ya bildirilib ki, vətəndaşlar küləkli havada kol-koslu əraziyə od vurur, yanğın ərazisi genişlənir, alov evlərə yaxınlaşanda sakinlər FHN-nin 101 telefon xidmətinə zəng edərək yanğının söndürülməsi üçün kömək istəyirlər. Qəsdən belə yanğın hadisələrinin törədilməməsi üçün kəndlərdə bələdiyyələr və icra nümayəndəlikləri tərəfindən ciddi maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Qəsdən yanğın törədən vətəndaşlar bu əməlləri ilə yanğından mühafizə hissəsinin işini çətinləşdirir, yanğınsöndürən avtomobillərdə suyun tükənməsinə səbəb olurlar. Belə ki, kol-kosdakı yanğını söndürməyə gedən şəxsi heyət və avtomobillər eyni vaxtda rayonun başqa ərazisində ev və digər obyektdə baş verən yanğını söndürməyə gedib çata bilmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR