ABA-nın keçirdiyi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

ABA-nın keçirdiyi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 28 noyabr 2017 11:05 (UTC +04:00)

Bu gün "Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri" mövzusunda keçirilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

"APA-Economics" xəbər verir ki, tədbirdə dövlət qurumların, bank sektorunun nümayəndələri iştirak edib.


Tədbiri giriş sözü ilə açan Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov bildirib ki, mükafatlandırma mərasiminin məhz bu gün - Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin anım günündə keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, müsabiqə hazırda tələbə olan gələcəyin jurnalistləri üçün təşkil olunub. Müsabiqə iştirakçıları üçün media ekspertləri tərəfindən təlimlər keçirilib.


Y. Abdulov əlavə edib ki, müsabiqə ABA, "AccessBank" və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığa ilə baş tutub.


"AccessBank"ın Marketinq departamentinin direktoru Günay Cəlilova isə çıxışında ABA-ya təşəkkürünü bildirib. Onun sözlərinə görə, təmsil etdiyi bank hər zaman mətbuatla əlaqələrə xüsusi diqqət yetirir. "Üzümü tələbələrə tutub demək istərdim ki, siz çox məsuliyyətli və çətin peşə seçmisiniz. Jurnalistlər bizim üçün olduqca vacibdir. "AccessBank" ictimaiyyətə, o cümlədən mətbuata olduqca açıq olmağa çalışır. Biz jurnalistlərə dost olmağı bacarırıq. Çünki anlayırıq ki, bunun müsbət tərəfləri çoxdur. Ən əsas müsbət xüsusiyyətlərdən biri isə odur ki, mətbuata açıqlıq cəmiyyətə düzgün, təhrif olunmayan informasiyanın çatdırılması baxımından əvəzsiz rol oynayır", - deyə departament rəhbəri vurğulayıb.

Xanım bankir əlavə edib ki, "AccessBank" təcrübə keçmək istəyən tələbələrə də açıqdır: "Biz bir bank olaraq, biz bunun marağındayıq. Marağında olan hər bir kəs ictimaiyyətlə əlaqələr üzrə məsul bölməyə müraciət edə bilər".

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında jurnalistikanın iqtisadi informasiya sahəsində boşluqların mövcudluğuna diqqət çəkib: "Sahə jurnalistikasında boşluqlar göz qarşısındadır. SSRİ dövründə hər kəs senzuranın olduğunu, yəni mətbuatın azad olmadığını deyirdi. Bu amillərlə formalaşmış bir mətbuat var idi. Bu baxımdan qəzetlərdə dərc olunan məqalələrə, informasiyalara ən yüksək səviyyədə reaksiya verilirdi və bu məsələlər həllini tapırdı. Lakin bu gün bəzi jurnalistlərimiz kimin ağzından nə eşidirsə, onu da yazır, tirajlayır. Bundan sonra isə təkzibetmə prosesi başlayır. Lakin nə qədər xəbər təkzib olunsa da, onu yüzlərlə, minlərlə insan oxuyub və bəlli bir fikir formalaşıb. İştirakçısı olduğumuz bu cür tədbirlərin keçirilməsi bu baxımdan olduqca müsbət haldır. Bugünkü tələbələr sabahın jurnalistləridir. Hesab edirəm ki, bu cür tədbirlər yalnız iqtisadi sahəni deyil, digər sahələri də əhatə etməlidir. Biz devalvasiya dövründə bir daha yanlış informasiyaların tirajlanmasının şahidi olduq. Bu cür hallar həm cəmiyyət, həm də banklar tərəfindən narazılıqla qarşılandı. Ataların bir sözü var: "Bir dəli quyuya bir daş atdı, yüz ağıllı onu çıxara bilmədi". Biz həmin vəziyyətlə üzləşdik. Xəbərlər təkzib olunsa da, effekti olmadı. Necə deyərlər, yanlış məlumat öz işini gördü".

"APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı isə çıxışında ABA-ya və bankların hər birinə konstruktiv əməkdaşlığa görə təşəkkürünü bildirib. Holdinq rəhbərinin sözlərinə görə, maliyyə savadlılığı cəmiyyət üçün olduqca önəmlidir. "Düşünürəm ki, bu cür layihələr məhz maliyyə savadlılığının artırılmasına xidmət edəcək. Fikrimcə, bu cür layihələrin ardı gəlməlidir və gələcəkdə jurnalistlər üçün də təlimlərin təşkili vacibdir. Spesifik jurnalistikanın inkişafı bizim üçün olduqca əhəmiyyətlidir. Bilirəm ki, banklar da bunun marağındadır. Nəticədə bu tədbirlərin cəmiyyətin maliyyə savadlılığının artırılmasına xidmət edəcək. Bir müddət öncə Zakir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti "APA Holding"in qonağı idi. Həmin görüşdə də biz vurğuladıq ki, maliyyə savadlılığının artırılması üçün vahid bir konsepsiya olmalıdır. Biz bu təşəbbüslə çıxış etməyə və sizinlə birgə həyata keçirməyə hazırıq. Konkret bir şəxs barədə yazılan yanlış informasiya onun işgüzar nüfuzunu zədələyə bilər. Lakin maliyyə sektoru ilə bağlı yazılan istənilən yanlış informasiya cəmiyyəti çalxalayır. Bunun nəticəsi olaraq banklar da külli miqdarda pul itirir. Bu cür neqativ halları aradan qaldırmaq üçün biz birgə işləməliyik".

Tədbirdə əksər bankların ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərinin iştirak etməsindən istifadə edərək V.Mahirqızı onlardan operativliyi təmin etməyə çağırıb: "İstənilən informasiya təqdim olunursa, bizdən asılı olmadan sosial şəbəkələr, digər yollarla cəmiyyətə çatdırılırsa və operativ şəkildə təkzib olunmursa, düzgün formada təqdim olunmursa, 1-2 saat sonra verilən reaksiya əhəmiyyətini itirir ki, nəticədə cəmiyyət çalxalanır, siz isə kifayət qədər pul itirirsiniz. Bundan sonra gələn informasiya doğru informasiya deyil, düzəldilmiş informasiya kimi insanların beyninə həkk olunur. Buna görə, bank sektorunun nümayəndələrinin bu tədbirdə olmasından istifadə edərək bəyan edirəm ki, bizim əməkdaşlığımızda dəqiqlik və peşəkarlıqla yanaşı operativlikdə xüsusi rol oynamalıdır. Bu artıq bizim və sizin deyil, cəmiyyətin tələbidir. Sosial şəbəkələr, ağıllı cihazlar, başqa sözlə yeni situasiya bunu diqtə edir".

Azərbaycan Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev isə bildirib ki, kommunikasiya prosesinin əsas elementləri informasiya vermə, dinləmə və yazı bacarığıdır, bu elementlərdən biri pozularsa, kommunikasiya prosesi pozulacaq. Hər bir qurumun hədəf qrupunun mövcudluğunu bildirən N.Əliyev deyib ki, əsas hədəf qrupu mətbuatdır. "Mətbuat hər bir qurumla cəmiyyət arasında körpü rolunu oynayır. Hər bir qurumun cəmiyyətə ötürdüyü bir mesaj var və bu mesajın düzgün çatdırılması üçün mətbuatın rolu böyükdür. Üstəlik, söhbət sahəvi jurnalistikadan gedirsə, daha da diqqətli olmaq lazımdır".


"Bank BTB" ASC-nin Müşahidə Şurasının sədri Rza Sadiq bildirib ki, informasiyanın cəmiyyətə düzgün çatdırılması baxımından jurnalistlərlə yanaşı, bank sektorunun nümayəndələrinin də üzərinə ciddi məsuliyyət düşür: "Buna görə, hər iki tərəf üzərinə düşən vəzifəni peşəkar formada yerinə yetirməlidir. Bizə verilən səlahiyyətlərdən düzgün yararlansaq, cəmiyyət də bundan fayda görər. Biz informasiyanın və kommunikasiyanın nədən ibarət olduğunu deyil, onun dəqiq və qərəzsiz olmasını təhlil ediriksə, bu, məni sevindirir. Deməli, artıq cəmiyyət bəlli bir inkişaf yolunu keçib".


Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev təmsil etdiyi qurumun maliyyə savadlılığının artırılması istiqamətində atdığı addımlardan xəbər verib. Onun sözlərinə görə, Palata bu cür təşəbbüsləri dəstəkləyir və gələcəkdə onların reallaşdırılmasında öz dəstəyini verməyə hazırdır.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb və birgə xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR