Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul ediləcək

Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul ediləcək
# 06 noyabr 2017 09:18 (UTC +04:00)

Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxsin Avropa Akkreditasiya Təşkilatına (EA - European cooperation for Accreditation) üzvlüklə bağlı müraciətinə baxılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Avropa Akkreditasiya Təşkilatının Baş Assambleyasının bu ay Berlin şəhərində keçiriləcək iclası zamanı Azərbaycan Akkreditasiya Mərkəzinin həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.

Avropa Akkreditasiya Təşkilatının tanınma sazişinə qoşulmaq isə hazırda icra olunan “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinniq layihəsinin yekununda reallaşacaq.

Bu üzvlük xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, akkreditasiya nəticələrinin beynəlxalq tanınması, həmçinin milli akkreditasiya sisteminin daha da təkmilləşdirilməsi, institutsional islahatların aparılması, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi vacib məsələləri təmin edəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi ölkə başçısının 10 fevral 2017-ci il tarixli 1234 nömrəli fərmanına əsasən komitə tərəfindən təsis edilmiş bu sahədə milli orqan statusu verilmiş publik hüquqi şəxsdir. Ötən müddət ərzində Azərbaycanda akkreditasiya nəticələrinin beynəlxalq tanınmasına nail olmaq üçün mərkəz Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarus Dövlət Akkreditasiya Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalanıb. Bundan əlavə Mərkəzi İsrailin Laboratoriyaların Akkreditasiyası Orqanı və Gürcüstan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması təklifini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR