Mübariz Qurbanlı Avropa Şurasının Bakı Ofisinin rəhbəri ilə görüşüb

Mübariz Qurbanlı Avropa Şurasının Bakı Ofisinin rəhbəri ilə görüşüb
# 08 dekabr 2017 16:12 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes ilə görüşüb.

Komitədən APA-ya verilən məlumata görə, görüşdə M. Qurbanlı qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti istiqamətləri, eyni zamanda ölkəmizdəki dini durum barədə ətraflı məlumat verib.

O, Dövlət Komitəsinin fəaliyyətində dini maarifçilik və dini radikalizmə qarşı mübarizə sahəsinə xüsusi diqqət yetirdiyini bildirib. Azərbaycanın din siyasətinin demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını qeyd edən Komitə sədri ölkəmizdə 28-i qeyri-müsəlman dini icması olmaqla 784 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayıb.

Dövlət tərəfindən dinə, o cümlədən İslam və qeyri-islam təmayüllü dini icmalara diqqət və qayğı göstərildiyini qeyd edib.

M. Qurbanlı Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu, işğal olunmuş ərazilərimizdə isə Azərbaycanın maddi və mənəvi irsinə zərbələr vurulduğunu da qonağın diqqətinə çatdırıb. Komitə sədri bunun bir sıra beynəlxalq təşkilatların, eyni zamanda Avropa Şurasının qəbul etdiyi sənədlərə, konvensiyalara zidd olduğunu deyib.

Z. Hernyes isə respublikamızın nümunəvi multikulturalizm və tolerantlıq mühitinin qorunub-saxlanılması, təbliği və təşviqi istiqamətində əldə etdiyi nailiyyətləri təqdir edib. Azərbaycan dövlətinin Avropa Şurası ilə bütün səviyyələrdə olan əməkdaşlığını yüksək dəyərləndirib, ölkəmizin dinlərarası dialoqa xüsusi töhfələr verdiyini bildirib. Dövlət Komitəsi ilə birlikdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR