Lavrov-Kerri görüşündə Kirbi ilə rusiyalı jurnalistin mübahisəsi müzakirə ediləcək

Lavrov-Kerri görüşündə Kirbi ilə rusiyalı jurnalistin mübahisəsi müzakirə ediləcək
# 17 noyabr 2016 14:25 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ilə “Russia Today” telekanalının jurnalisti Qayane Çiçakyan arasında baş verən mübahisəyə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hadisənin nazir Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə görüşdə müzakirə ediləcəyini söyləyib. O, S. Lavrovun bu gün Peruda amerikalı həmkarı ilə görüşəcəyini və Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin davranışı ilə bağlı məsələni də qaldıracağını vurğulayıb.

Qeyd edək ki, noyabrın 16-da keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ilə “Russia Today” telekanalının müxbiri Qayane Çiçakyan arasında mübahisə yaşanıb. Rusiyalı jurnalist ABŞ tərəfinin Suriyada Rusiya aviasiyasının mülki obyektləri bombalaması barədə sübutların olub-olmaması barədə sual verib. C. Kirbi cavabında RT-nin müxbirinə bu suala cavabı Rusiya hökumətindən soruşmasını istəyib: “Öz hökumətinizdən soruşa bilmədiklərinizi bizdən soruşursunuz”.


Daha sonra C. Kirbi “Russia Today” ilə digər media orqanlarını müqayisə edib və onları bir tutmadığını bildirib. Bundan sonra Q. Çiçakyan brifinqi tərk edib.

M. Zaxarova bu gün keçirdiyi brifinqdə C. Kribinin bu münasibətinin cavabsız qalmayacağını deyib: “Elə etməsinlər ki, gələn brifinqdə biz də amerikalı jurnalistlər üçün ayrıca yer təşkil edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR