Azərbaycan səfiri Pakistanın neft naziri ilə görüşüb

Azərbaycan səfiri Pakistanın neft naziri ilə görüşüb
# 25 yanvar 2017 08:07 (UTC +04:00)

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan-Azərbaycan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında münasibətlərinin daha da inkişafından, ötən ilin sonunda Pakistan Baş nazirinin Azərbaycana həyata keçirdiyi uğurlu səfərindən məmnunluq ifadə olunub.

Səfir Əli Əlizadə digər sahələrlə yanaşı iqtisadi və ticari əlaqələrin daha da artırılması istiqamətində də işlərin davam etdirildiyini, ölkə rəhbərliyinin tapşırıqları əsasında yaxın aylarda Azərbaycandan Pakistana iqtisadi heyətin səfər etməsinin nəzərdə tutulduğunu bildirib.

Görüşdə enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının artırılması, iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da yüksəlməsinə səylərin göstərilməsi, birgə hökumətlərarası komissiyanın iclaslarının nəticələrindən irəli gələn məsələlərin icrası, qarşılıqlı səfərlərin həyata keçirilməsi istiqamətində də müzakirələr aparılıb.

Ş. X. Abbasi Pakistanın Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu, bu istiqamətdə Birgə Hökumətlərarası Komissiyasının da səylərini daha da artırdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR