Azərbaycanda daha bir kiçik dövlət müəssisəsi və 6 qeyri-yaşayış sahəsi özəlləşdirilib

Azərbaycanda daha bir kiçik dövlət müəssisəsi və 6 qeyri-yaşayış sahəsi özəlləşdirilib
# 10 aprel 2018 11:45 (UTC +04:00)

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərracda ilkin start qiyməti 8 min 500 manat olan "Hyundai Sonata" markalı avtomobilə ən son 18 min 200 manat təklif edilib. 2007-ci ilin istehsalı olan digər "Hyundai Sonata"nın hərracında da alıcıların aktivliyi müşahidə edilib. Həmin avtomobilin ilkin start qiyməti 7 min 500 manat olsa da edilən təklif 12 min manata qədər yüksəlib.

Eyni tendensiya "VAZ-21041" markalı avtomobilin hərracında da müşahidə edilib. Belə ki, ilkin start qiyməti 1600 manat olan maşın 2 min 400 manata sahibini tapıb. QAZ-3110 markalı nəqliyyat vasitəsinin hərracında isə ən son 2 min 600 manat təklif edən iştirakçı qalib olub. Qeyd edək ki, adıçəkilən avtomobilin ilkin start qiyməti 1300 manat olub. Ümumilikdə özəlləşən nəqliyyat vasitələri sırasında Avropa istehsalı olan avtomobillər üstünlük təşkil edib. Həmin maşınların buraxılış tarixi 1987-2008-ci illəri əhatə edir.

Budəfəki hərracda 1 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi, 8 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə keçirilən hərraclarda 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 8 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Astara rayonunda yerləşən Qeyri-yaşayış binasıdır. Ümumi faydalı sahəsi 326 kv.m, torpaq sahəsi 700 kv.m olan obyekt geyim mallarının pərakəndə satışı üçün əlverişlidir.

Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsi Xətai və Pirallahı rayonlarında yerləşir. Region üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Abşeron və Yevlax rayonlarındadır. Xətai rayonunda yerləşən, ümumi faydalı sahəsi 32,5 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Pirallahıda yerləşən ümumi faydalı sahəsi 361 kv.m olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac aprelin 17-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR