Zakir Həsənov Niderland səfiri ilə görüşüb

Zakir Həsənov Niderland səfiri ilə görüşüb
# 10 noyabr 2016 13:35 (UTC +04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Niderland Krallığının ölkəmizdəki səfiri cənab Onno Kervers ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə həm ikitərəfli, həm də NATO çərçivəsində Azərbaycanla Niderland arasında əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, eləcə də hərbi təhsil, treninq, təcrübə mübadiləsi və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələləri, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Həm ikitərəfli, həm də NATO çərçivəsində hərbi sahədə ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirən səfir Əfqanıstanda həyata keçirilən missiya tərkibində Azərbaycan sülhməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə və ümumilikdə uğurlu əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

NATO-nun Varşavada şəhərində keçirilən son sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Alyansın mövqeyini xatırladan səfir vurğulayıb ki, Niderland da NATO və digər beynəlxalq qurumlar kimi Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. O. Kervers münaqişənin yalnız sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.

Müdafiə naziri səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı işinə töhfə verəcəyinə əminliyini ifadə edərək ona işlərində uğurlar arzulayıb.


Diplomat isə öz növbəsində ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR