MTN-in Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

MTN-in Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
# 26 fevral 2015 12:02 (UTC +04:00)

Bakı-APA. Fevralın 26-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

MTN-in İctimai Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Anım tədbiri açıq elan edildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilib.

Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev çıxış edərək bildirib ki, Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub.

Qeyd olunub ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki erməni terrorçu-separatçı dəstələri ilə, Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək təkcə azərbaycanlılara qarşı deyil, bütün türk-müsəlman dünyasına, bəşəriyyətə və insanlığa qarşı müdhiş bir cinayəti – Xocalı soyqırımını törədiblər. Bir günün içində 613 soydaşımız soyqırımının qurbanı olub. Vəhşiliklə qətlə yetirilənlərin içində 63 uşaq, 106 qadın, 70-i isə qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfəri isə itkin düşüb.

Sonda İ.Allahverdiyev deyib ki, Azərbaycan xalqının yaddaşından Xocalı soyqırımı heç vaxt silinməyəcək. Azərbaycan xalqı ermənilərin insanlığa nifrət siyasəti ilə heç bir zaman barışmayacaq, güclü, cəsur, yüksək mənəviyyatlı və əqidəli Azərbaycan əsgəri torpaqlarımızı mənfur işğalçılardan təmizləyəcək, tarixi ədalət bərpa olacaq.

Tədbirdə çıxış edən Akademiyanın dinləyicisi leytenant S.Ələkbərov, kursantları - E.Hacıyev və İ.Cəlilov Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarına, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklərini bildiriblər.

Tədbirin sonunda “Məhv edilmiş şəhər – Xocalı faciəsi” adlı sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR