SKMF 40 müasir istixana kompleksinin yaradılmasına 93 mln. manatdan çox güzəştli kredit ayırıb

SKMF 40 müasir istixana kompleksinin yaradılmasına 93 mln. manatdan çox güzəştli kredit ayırıb
# 03 sentyabr 2015 12:32 (UTC +04:00)

Bakı. Əlibəy Zeynallı - APA. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair növbəti işgüzar forumu sentyabrın 3-də Sabirabad rayonunda keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

Forumda Sabirabad və ətraf rayonlarda ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer təsərrüfatının, çörək, pendir istehsalı, meyvəqurutma, ketçup, mayonez və xardal sousu istehsalı müəssisələrinin, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar təqdim olunub.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3 870-dək sahibkara 138,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 442 mln. manat güzəştli kredit verilib, iqtisadi rayon üzrə verilmiş güzəştli kreditlər hesabına 36000-dən çox yeni iş yer yaradılıb. İndiyədək verilmiş kreditlərin 11,6 mln. manatı Sabirabad rayonunun payına düşür.

İşgüzar forumda Sabirabad və ətraf rayonlardan olan 89 sahibkara 870 min manatadək güzəştli kredit verilib.

Forum çərçivəsində güzəştli kredit ayrılmış Sabirabad rayonunun Kürkəndi kəndində istifadəyə verilmiş 6,3 ha ərazidə illik istehsal gücü 2,7 min ton tərəvəz olan müasir istixana kompleksinə baxış keçirilib.

Qeyd edək ki, son illər SKMF-nin xətti ilə 141,6 ha ərazidə illik istehsal gücü 47,5 min ton tərəvəz məhsulları, 10,4 mln. ədəd dekorotiv bitkilər, 10,6 mln. ədəd tərəvəz ştilləri olan 40 müasir istixana kompleksinin yaradılmasına 93,4 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR