Ötən il Azərbaycanda su təchizatı sistemlərinin yenidən qurulmasına 639 mln. manat yönəldilib

Ötən il Azərbaycanda su təchizatı sistemlərinin yenidən qurulmasına 639 mln. manat yönəldilib
# 07 mart 2018 12:38 (UTC +04:00)

“Azərsu” ASC ötən il ərzində istehlakçılara 251,5 mln. kubmetr içməli su satıb. 169,9 mln. kubmetr həcmində tullantı suların axıdılması xidməti göstərilib.

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlakçılara göstərilən su təchizatı və tullantı suların axıdılması xidmətlərinin dəyəri 2,1%, yığılan məbləği isə 37,1% artıb. İstehlakçılara göstərilmiş su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yığım səviyyəsi 119,5% olub.

Hesabat dövründə investisiya proqramlarına uyğun olaraq ölkənin su təchizatı və tullantı suların axıdılması sistemlərinin yenidən qurulması və yaxşılaşdırılması, həmçinin mərkəzləşdirilmiş su təchizatı və tullantı suların axıdılması xidmətləri ilə təmin edilməyən yaşayış məntəqələrinin belə xidmətlərlə təmin edilməsi istiqamətində investisiya qoyuluşları üçün 616,1 mln. manat ( 322,1 mln. manatı dövlət büdcəsi vəsaiti hesabına, 294 mln. manatı beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına) vəsait ayrılıb.

Hesabat dövründə 638,6 mln. manat (büdcə vəsaiti hesabına 314 mln. manat, beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş kreditlər hesabına isə 324,6 mln. manat) həcmində tikinti-quraşdırma və əsaslı təmir işləri təhvil verilib.

Həyata keçirilən layihələr çərçivəsində 107,5 km-i magistral olmaqla 1 365,7 km su xətti, 351,9 km kanalizasiya və 30,6 km yağış suları xətləri çəkilib, 104 373 ədəd mexaniki su sayğacı quraşdırılıb, ümumi həcmi 26 000 kubmetr olan 10 ədəd su anbarı, 5 ədəd su nasos stansiyası və 1 ədəd kanalizasiya nasos stansiyası tikilib, 120 p/m tunel çəkilib, 22 ədəd subartezian və artezian quyusu qazılıb, 1432 ədəd su bulağı, məhsuldarlığı 3 800 m3/gün olan 1 ədəd sutəmizləyici qurğular kompleksi və 1 ədəd tullantı təmizləyici qurğusu quraşdırılıb.

Abonentlərin sayğaclaşma səviyyəsi 77,8%-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR