Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib
# 14 aprel 2015 16:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.

APA-Economics”in məlumatına örə, işgüzar görüş Serbiyanın baş naziri Aleksandr Vuçiçin ölkəmizə səfəri çərçivəsində baş tutub. Görüş İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanla Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafına təkan verdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığını qeyd edib. O bildirib ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə keçirilən biznes forum və dəyirmi masalar əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır: “Hazırda Azərbaycan şirkətləri Serbiyada, Serbiya kapitallı şirkətlər isə ölkəmizdə uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir. Azərbaycanın “Azvirt” şirkəti Serbiyada yol tikintisi ilə məşğul olur. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir”.

Ş. Mustafayev hər iki tərəfin iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb: “Təsadüfi deyil ki, Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç Azərbaycana səfər proqramına iş adamları ilə görüşü də daxil edib”.

Serbiyanın baş naziri A. Vuçiç isə Azərbaycan və Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O, ölkəsinin iş adamları üçün yaradılmış imkanlar barədə məlumat verib.

Serbiya və Azərbaycan arasında ticarət-iqtisadi və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışan baş nazir Azərbaycanın “AzVirt” şirkətinin Serbiyada uğurla fəaliyyət göstərdiyini qeyd edib, digər Azərbaycan şirkətlərini də tikinti, kənd təsərrüfatı, kimya və s. sahələrdə həyata keçirilən layihələrdə, Serbiyada aparılan özəlləşdirmə prosesində fəal iştiraka dəvət edib.

O bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var: “Bu gün iki ölkə arasında ticarət dövriyyəsi çox aşağıdır. Bu rəqəmi 10 dəfələrlə, hətta yüz dəfələrdə artırmaq mümkündür”.

Serbiyalı baş nazir qeyd edib ki, ilin sonuna qədər Bakı-Belqrad aviareysi açıla bilər: “Bu isə turizm sahəsində əlaqələrin inkişafında əhəmiyyətlidir”.

İşgüzar görüşdə Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR